Bakı. TurkicWorld:
Ermənistan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək, eyni zamanda, bu istiqamətdə təhlükəsizliyi təmin etmək öhdəliyinin mövcud olduğunu yaxşı bilir.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində səsləndirdiyi iddialara dair şərhində bildirilib.
"Ermənistanın, həmçinin, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini təmin etməklə bağlı öhdəliyi mövcuddur. Təəssüf ki, bu ölkə belə bir fürsəti növbəti dəfə əldən verir. İran İslam Respublikasının ərazisi üzərindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir", - qeyd olunub.