Son dəqiqə

Azərbaycan Qarabağ

Erməni silahlı dəstələri tam şəkildə tərksilah olunur və Azərbaycan ərazilərini tərk edirlər

Bakı. TurkicWorld:

Qüdrəli Azərbaycan Ordusu 24 saatlıq unikal antiterror tədbirləri həyata keçirərək, yeni bir tarix yazdı, suveren ərazilərimizə nəzarəti tam bərpa etdi.

Bunu TurkicWorld-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, bu lokal tədbirlər zamanı Azərbaycan qarşıya qoyulan bütün strateji hədəflərə nail oldu.

"Bütün kommunikasiyalar, yollar, yüksəkliklər şanlı ordumuz tərəfindən nəzarətə götürüldü. Azərbaycan ordusunun gücü qarşısında aciz qalan separatçı qüvvələr ağ bayraq qaldıraraq təslim oldular, Azərbaycanın irəli sürdüyü bütün şərtləri qəbul etdilər.

Məlum olduğu kimi, qeyri-qanuni erməni silahlı dəstələri artıq döyüş mövqelərindən və hərbi postlardan çıxır, tam şəkildə tərksilah olunur və Azərbaycan ərazilərini tərk edirlər. Beləliklə, bütün Qarabağ ərazisində Azərbaycan qanunları və siyasi hakimiyyəti təmin olunacaq. Bu, Azərbaycanın növbəti tarixi zəfəridir", - deyə deputat qeyd edib.

O vurğulayıb ki, artıq ölkəmizin hər bir guşəsində üçrəngli Azərbaycan bayrağı dalğalanır.

"Bu bir daha göstərir ki, Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olmağı bacarır. 44 günlük Vətən müharibəsindən sonra müxtəlif güc mərkəzləri tərəfindən Azərbaycana qarşı informasiya müharibəsi genişləndirilmişdi, siyasi-diplomatik müstəvidə təxribatlar törədilirdi, eyni zamanda Ermənistan və Qarabağda olan xunta rejminin qalıqları tərəfindən silahlı təxribatlar törədilirdi.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bunlara sinə gərməyi bacardı və Azərbaycan Prezidenti dəmir siyasi iradə nümayiş etdirdi. Bu bir daha onu göstərdi ki, Prezident nəyi nə vaxt və necə etmək lazım olduğunu yaxşı bilir", - deyə deputat əlavə edib.

Xatırladaq ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Mövzuya görə xəbərlər