Bakı. TurkicWorld:
Azərbaycanın Rus İcması ölkə rəhbərliyinin Qarabağın erməni əhalisinin çoxmillətli Azərbaycan cəmiyyətinə tez bir zamanda reinteqrasiyasına yönəlmiş səylərini tam dəstəkləyir.
TurkicWorld xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir.
"Qarabağda lokal antiterror tədbirləri və sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Prezidentinin nümayəndələri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş uzunmüddətli münaqişəyə son qoyub. Növbəti gün Qarabağın erməni sakinlərinin nümayəndələrinin xahişi ilə sosial və humanitar məsələlərin müzakirəsi kontekstində Ağdam-Xankəndi yolu ilə müxtəlif ərzaq məhsulları və gigiyena vasitələri olan 2 yük maşını, o cümlədən çörək dolu 2 avtomobil yola salınıb", - bəyanatda vurğulanıb.
"Azərbaycanın rus əhalisi olaraq əminik ki, Qarabağ bölgəsi ermənilərinin reinteqrasiyası üzrə sosial-iqtisadi plan ölkə Konstitusiyasının bütün hüquq və normalarına tam uyğundur. Azərbaycan ənənəvi olaraq bir çox etnik qrupların sülh və harmoniya şəraitində yaşadığı çoxmillətli, multikultural ölkədir. Tariximiz boyu milliyyətindən və dinindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün xalqlar arasında həmişə sülh olub. Bütün Cənubi Qafqazda sülhün, inkişafın və firavanlığın vaxtı çatıb", - mətndə bildirilib.
Qeyd olunub ki, Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın erməni əhalisini uzun illər hakimiyyəti zorla əlində saxlamış cinayətkarların hərbi xuntasından azad edərək döyüş meydanında əsl qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirib:
"Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızı hər zaman xatırlayacağıq. Təəssüf ki, lokal antiterror tədbirləri zamanı şəhidlərimiz oldu. Həlak olanların ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayırıq. Həmçinin həlak olmuş Rusiya sülhməramlılarının ailələrinə başsağlığı veririk və bundan sonra sülhün əbədi olaraq bərqərar olacağına ümid edirik", - deyə əlavə edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.