Türkiyə Azərbaycanın Qarabağda antiterror tədbirlərini dəstəkləyir – Murat Yeşiltaş (ÖZƏL)

Türkiyə Azərbaycanın Qarabağda antiterror tədbirlərini dəstəkləyir – Murat Yeşiltaş (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə Azərbaycanın Qarabağda antiterror tədbirlərini dəstəkləyir.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyənin SETA araşdırma mərkəzinin xarici siyasət araşdırmaları direktoru, Türkiyəli siyasətçi Prof.Dr. Murat Yeşiltaş deyib.

“Azərbaycan Qarabağı terrorçulardan təmizləmək üçün tədbirlərə başlayaraq yenidən kritik mərhələyə qədəm qoyub. Təbii ki, yerli antiterror tədbirləri həm də Azərbaycan ərazisinə edilən hücumlara cavab vermək üçün həyata keçirilib. 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyannaməyə əməl etməyən Ermənistan daxildə çox çətinliklərlə üzləşdi, həmçinin, böyük dövlətlər arasında qaldı”, - deyə o əlavə edib.

M.Yeşiltaş onu da bildirib ki, Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı verdiyi vədi yerinə yetirməməsi və terror aktlarına davam etməsi vəziyyəti daha da gərginləşdirdi.

“Azərbaycana qarşı hücumlar artdıqca Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına 1-ci maddə çərçivəsində cavab verməsi vacib oldu. Antiterror tədbirlərinin nə qədər davam edəcəyi də çox vacibdir. Çünki bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının gündəliyinə çıxarılacaq. Ehtimal ki, oradan diplomatik təzyiqlər olacaq. Bu təzyiq baş verməzdən əvvəl Azərbaycan bu tədbirləri davam etdirməlidir”, - deyə türkiyəli siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, bu məsələdə Türkiyə siyasəti və mövqeyi çox vacibdir.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci sammitindəki mesajında ​​çox açıq ifadələr işlətdi. R.T.Ərdoğan bu mövzuda mövqeyi ilə bağlı həm əzmkarlıq nümayiş etdirdi, həm də ciddi xəbərdarlıqlar etdi. O, Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha vurğuladı və Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirdi”, - deyə M.Yeşiltaş əlavə edib.

Ləman Əsədli

Twitter: lamanasadli01