Zaxarova Ermənistana Qarabağla bağlı mövqeyini xatırlatdı

Zaxarova Ermənistana Qarabağla bağlı mövqeyini xatırlatdı

Bakı. TurkicWorld:

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistan Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasına və Rusiya sülhməramlı kontingentinə çağırışına münasibət bildirib.

TurkicWorld xəbər verir ki, Zaxarova bu barədə özünün "Telegram" kanalında yazıb.

"Bəs, rəsmi İrəvanın Qarabağın Azərbaycana məxsus olduğunu tanıması necə olsun?", - deyə Rusiya XİN nümayəndəsi yazıb.

Xatırladaq ki, bundan əvvəl Zaxarova Rusiyanın Qarabağdakı vəziyyətlə bağlı Azərbaycanla təmasları davam etdirdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.