Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Vyetnam

Prezident İlham Əliyev: Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin dərinləşməsi məmnunluq doğurur

Bakı. TurkicWorld:

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur. Biz ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət veririk.

TurkicWorld xəbər verir ki, bu fikirlər sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqa bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə göndərdiyi məktubunda yer alıb.

Prezident İlham Əliyev məktubunda Vo Van Txıonqu və dost Vyetnam xalqını öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib, ən xoş arzularını çatdırıb.

Azərbaycanın Vyetnamla beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığının olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün yaxşı imkanlar vardır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hazırda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində Vyetnam şirkətlərinin də iştirakını görməkdən məmnun olardıq.

İnanıram ki, Azərbaycan-Vyetnam ənənəvi dostluq əlaqələrinin mövcud potensialından tam bəhrələnmək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimizi genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik".

Azərbaycan Prezidenti vyetnamlı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Vyetnam xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Mövzuya görə xəbərlər