Son dəqiqə

Azərbaycan Özbəkistan Aydın Mirzəzadə

Azərbaycan – Özbəkistan dostluğu Türk dünyasında birliyin yeni bir nümunəsinə çevrilib - Aydın Mirzəzadə (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan – Özbəkistan dostluğu Türk dünyasında birliyin yeni bir nümunəsinə çevrilib.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

"Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri bir çox cəhətdən önəmlidir. Birincisi o, yenidən prezident seçildikdən sonra ilk səfər etdiyi ölkə Azərbaycan oldu. Dünya siyasətində belə bir praktika var ki, dövlət başçısı seçildikdən sonra onun üçün əhəmiyyətli olan ölkəyə ilk rəsmi səfər edir. Cənab Mirziyoyev ilk səfərini Azərbaycana etməklə, bizimlə münasibətlərə yüksək önəm verdiyini, cənab Prezident İlham Əliyevi özünə qardaş, dost bildiyini nümayiş etdirdi",- deyə deputat qeyd edib.

Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycanda da Özbəkistana böyük bir sevgi var. Xalqlarımızın dostluğu qədim tarixə söykənir və Şavkat Mirziyoyevin səfəri hər bir azərbaycanlı üçün bir qardaş, dost səfəri oldu.

"Özbəkistan ilk ölkələrdəndir ki, işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa işlərində iştirak edib. Özbəkistanın vəsaiti hesabına Füzulidə orta məktəbin inşa etdirilməsi Azərbaycan - Özbəkistan dostluğunun yüksək səviyyədə olmasının bariz nümunəsidir. Bundan sonra da iki ölkə arasındakı münasibətlərin yüksək tendensiya ilə inkişafa doğru addımlamasına şübhə yoxdur", - deyə Milli Məclisin deputatı əlavə edib.

Aydın Mirzəzadə bildirib ki, iki ölkə arasındakı münasibətlər Türk dünyasında birliyin yeni bir nümunəsi olub.

Azərbaycan – Özbəkistan dostluğu timsalında biz artıq ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini cəsarətlə “Bir millət, üç dövlət” kimi səsləndirə bilərik.

Qeyd edək ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev prezident seçildikdən sonra ilk dövlət səfərini 22 avqust tarixində Azərbaycana edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər