Bakının azad olunmasının ildönümü münasibətilə keçirilən yürüşdən görüntülər

Bakının azad olunmasının ildönümü münasibətilə keçirilən yürüşdən görüntülər

Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunmasının 103-cü ildönümü ilə əlaqədar yürüş keçirilir.

TurkicWorld-un məlumatına görə, yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start verilib.

Şəhidlər Xiyabanından başlayan yürüş Türk Şəhidliyi abidəsinin önü, İçəri Şəhər metrosu, İqtisadiyyat Universitetinin binası, Qala qapısı, Azneft dairəsindən keçməklə Bəhram Gur heykəlinin qarşısında başa çatacaq.

Hərbi orkestrin müşayiəti altında davam edən yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti, tanınmış ictimai xadimlər və media nümayəndələri iştirak edir.

Qeyd edək ki, 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad edib. Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir.