Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Tacikistanda silsilə tədbirlərlə qeyd edilir

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Tacikistanda silsilə tədbirlərlə qeyd edilir

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Tacikistandakı səfirliyi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü silsilə tədbirlərlə qeyd edir. Bu əlamətdar gün münasibətilə müxtəlif mədəni tədbirlər, o cümlədən konsertlər, sərgilər təşkil olunur.

Ölkəmizin Tacikistandakı səfirliyindən TurkicWorld-a bildiriblər ki, iyunun 12–14-də Milli Qurtuluş Günü ərəfəsində Düşənbə və Xucənd şəhərlərində xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert proqramları təşkil edilib.

Düşənbə şəhərində baş tutan konsertdə Tacikistanın Baş nazirinin müavini Mətlubaxon Səttariyon, Tacikistan Prezidentinin xarici əlaqələr üzrə köməkçisi Əzəmşo Şərifi, nazir müavinləri, dövlət və ictimaiyyət nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və üzvləri, Tacikistanda yaşayan soydaşlarımız, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov açılış nitqi ilə çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verib, Ümummilli Liderin müstəqil Azərbaycanın yenidən qurulmasında rolundan söhbət açıb.

Azərbaycan-Tacikistan münasibətlərindən danışan diplomat bu əlaqələrin inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən qoyulduğunu bildirib.

Sonra çıxış edən Tacikistanın Baş nazirinin müavini Mətlubaxon Səttariyan xalqımızın Ümummilli Liderinin 100 illik yubileyinin qeyd olunmasını iki ölkənin tarixi baxımından mühüm hadisə adlandırıb, Azərbaycanın Bakı və Gəncə şəhərləri ilə qardaşlaşmış şəhər olan Düşənbə və Xucənd şəhərlərində baş tutan konsertlərin ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişafına, tacik tamaşaçısının Azərbaycanın milli musiqisi ilə yaxından tanış olmasına xidmət etdiyini vurğulayıb.

Sonra Azərbaycanın Əməkdar artisti Səbuhi İbayevin rəhbərlik etdiyi "Uğur" ansamblının ifasında Azərbaycan xalq mahnıları və azərbaycanlı bəstəkarların əsərləri səsləndirilib.

Tədbir ziyafətlə yekunlaşıb.