Bakı. TurkicWorld:
"Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol" mövzusunda Ağdamda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransına start verilib.
TurkicWorld-un Qarabğ bürosunun xəbərinə görə, Ağdam Konfrans mərkəzində baş tutan Konfrans Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçrilir.
2022-ci ilin 30 mart - 1 aprel tarixlərində "Humanitar Minatəmizləmə və Dayanıqlı İnkişaf Məqsədləri" mövzusunda keçirilmiş beynəlxalq konfransın davamı olan tədbirin əsas məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaqdır.
Bundan başqa, problemin qlobal xarakter daşıdığını nəzərə alaraq, konfrans humanitar minatəmizləmə üzrə milli və qlobal Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təqdim edilməsini, bu istiqamətdə birgə tərəfdaşlıq və dəstəyin gücləndirilməsini hədəfləyir. Azərbaycanın ev sahibliyi etdiyi 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransında, 51 ölkəni təmsil edən 160-a yaxın rəsmi şəxslər - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir. Konfran iştirakçıları əvvəlcə mərkəzdə təşkil olunan sərgi ilə tanış olub. Sərgidə 28 aprel 2023 - cü ildə Tərtər rayonu Tapqaraqoyunlu kəndi istiqamətində ərazilərin dronlar vasitəsilə tədqiqatını həyata keçirən sub-podratçı təşkilatın əməkdaşlarının minaya düşərək həyatlarını itirdikləri nəqliyyat vasitəsi də, nümayiş olunub.