Xankəndində xof, təlaş və ümidsizlik: Paşinyan Vardanyanı "qurban" verir

Xankəndində xof, təlaş və ümidsizlik: Paşinyan Vardanyanı "qurban" verir

Bakı. TurkicWorld:

Münxendə keçirilmiş 59-cu Təhlükəsizlik Konfransı Ermənistanın xarici siyasətinin indiki istiqamətlərinin yanlış olduğunu aşkar göstərməklə yanaşı, rəsmi İrəvanın artıq "qarabağlı ermənilərin maraqları" ifadəsindən tam usandığını əyan etdi.

Azərbaycan Prezidenti İlham Əliyev konfrans çərçivəsindəki plenar iclasda sualları cavablayarkən İrəvana və eyni zamanda, Ermənistana geosiyasi dəstək adı ilə Cənubi Qafqaz regionunda möhkəmlənməyə, hadisələrə təsir rıçaqlarına yiyələnməyə çalışan dövlətlərə açıq messic verdi:

"Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin".

Rusiyadakı "Troyka Dialoq" investisiya şirkətinin rəsmən sabiq sahibi, Rusiyanın keçmiş vətəndaşı Ruben Vardanyanın Xankəndinə konkret missiya ilə göndərilməsi əslində, ilk gündən rəsmi Bakıya bəlli idi.

Sabiq Ağdərə, indiki Tərtər rayonundakı Qızılbulaq və Dəmirli yataqlarını istismar, daha doğrusu, qarət etməklə həm yerli erməni separatçılarının silahlı dəstələrini maliyyələşdirmək, həm də Ermənistanda baş nazir Nikol Paşinyana qarşı hələ də birləşə bilməyən müxalifət "fronda"sına dəstək vermək niyyətində olan R.Vardanyan əslində, tək deyildi.

O, Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti operativ-əməliyyat nəzarəti arealındakı yataqların qarətini Ermənistanda yerli bölmələri olan, əslində isə Fransa, ABŞ və Argentinadakı erməni diasporunun kriminal-oliqarxik mənsublarına məxsus şirkətlərlə əlbir fəaliyyət göstərirdi.

Əldə etdiyimiz məlumatlara görə, 6 şirkət bilavasitə və birbaşa olaraq Qızılbulaqla Dəmirli yataqlarının quldurcasına istismarından külli miqdarda gəlirlər əldə edirdilər.

Lakin Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların və vətəndaş cəmiyyəti mənsublarının dinc aksiyası başlanan gündən, yəni 72 gün əvvəl bu qarətə, təbii resurslarımızın Ermənistana daşınmasına son qoyuldu.

Məlumat üçün deyək ki, "Qızılbulaq" yatağının resursu 13700 ton qızıl, "Dəmirli"nin ehtiyatı isə 457 min ton misdir.

Ruben Vardanyanın "yataqlar missiyası" fiaskoya uğradıqdan sonra o, Xankəndində siyasi kulbit edərək hakimiyyəti tamamən ələ almağa çalışdı. Zahirən "legitim" imkanlar da vardı: separatçı rejimin de-yure lideri Araik Arutyunyan onu "dövlət naziri" təyin edəndən sonra komanda formalaşdırmağa, "nazir" təyinatlarını reallaşdırmağa və hakimiyyətin bəzi sektorlarını dəyişmək hüququnu gerçəkləşdirməyə səlahiyyətlər vermişdi.

Vardanyan da uzaq perspektivə hesablanmış strategiyasına əsasən, ilk əvvəl komanda dəyişikliyinə başladı və sonrakı proseslər vasitəsilə İrəvana siyasi köçünün əsaslarını qoymağa başladı.

Onun əsas məqsədi Nikol Paşinyanın postuna yiyələnmək üçün Ermənistandakı mövcud radikal müxalifət düşərgəsinin faktiki liderliyinə yüksəlməkdi.

Bu missiya da baş tutmadı: Xankəndindəki marionetin hakimiyyət ambisiyalarından xəbər tutan kimi N.Paşinyan təhlükəni aradan qaldırmaq üçün əvvəlcə nəzarətindəki mass-medianı işə salaraq kompromat və əks-təbliğat prosesinə start verdi, sonra isə Vardanyanı birbaşa olaraq "qarabağlı ermənilərin taleyini özünün merkantil maraqlarına qurban verməkdə" suçladı.

İndi Paşinyan əks-hücumdadır. Ermənistanın baş nazirinin komandasının nəzarətində olan media vasitələri, sosial şəbəkələrdəkir profillər və səhifələr, habelə Telegram kanalları R.Vardanyanın istefaya vadar ediləcəyini, onun yerinə isə Xankəndindəki separatçı rejimin "baş prokuroru" Qurgen Nersisyanın təyin ediləcəyini vurğulayırlar.

Bu barədə "Azadlıq" radiosunun erməni redaksiyası da xəbər yayıb.

Separatçı rejimin faktiki rəhbəri Araik Arutyunyanın "baş ideoloqu" sayılan Tiqran Petrosyanın dediyinə görə, Vardanyanın istefası məsələsi artıq "həll olunmuş məsələ"dir: "Məlumatı Vardanyanı özü ilə yanaşı, Araik Arutyunyan və Qurgen Nersisyanla görüşlərdə aldım. Nersisyan mənə dedi ki, Vardanyanla bağlı qərar artıq qəbul olunub - o, getməlidir. Necə gedəcək, söyləmədi. Araik Arutyunyansa söylədi ki, Vardanyanın yerinə Nersisyanı təyin edəcək".

Hadisələrin hansı məcrada inkişaf etməsindən asılı olmayaraq, "Qarabağın statusu" və ya "qarabağlı ermnəilərin siyasi gələcəyi" təki idefikslər, əsassız və olmayan iddialar artıq tam absurd təsiri bağışlayır.

Hakimiyyətini qorumaq və bölgədəki situasiyanı daha da ağırlaşdıran tərəf kimi tanınmamaq niyyətində olan Nikol Paşinyan "Qarabağ ermənilərinin statusu" ilə bağlı problemin olmadığını artıq rəsmən etiraf etməyə başlayıb. Eyni zamanda, Ruben Vardanyanı "qurban" verməyə hazırlaşan Paşinyan bu minvalla Ermənistan vətəndaşlarını və xüsusilə də xarici ölkələrdəki erməni diasporunu inandırmağa çalışır ki, yeni problemlərin səbəbkarı o yox, "Rusiya və kollektiv Qərb"dir.

Halbuki Paşinyan hakimiyyəti həm Rusiyanı, həm də kollektiv Qərbi aldatmaqla bahəm, onlardan mümkün qədər çox preferensiyalar və "dəstək" əldə etməyə can atır.

Bu isə praktiki olaraq mümkünsüz məsələdir.

Ruben Vardanyanın Xankəndində qalmaq xülyası kimi.