Ukrayna Məhkəmə Cinayət Məcəlləsi Viktor Yanukoviç Xüsusi Anti-Korrupsiya Prokurorluğu

Ukraynanın sabiq prezidenti 15 il müddətinə azadlıqdan məhrum edildi

BAKI, TurkicWorld

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. O, torpaq sahələrinin qanunsuz mənimsənilməsində təqsirli bilinib.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukraynanın Xüsusi Anti-Korrupsiya Prokurorluğu rəsmi “Telegram” kanalında məlumat yayıb.

“Məhkəmənin hökmü ilə sabiq prezident Kiyev vilayətinin Suxolutski kənd soveti ərazisində yerləşən, sahəsi 17,5 hektar olan və təxmini dəyəri 22 milyon qrivnadan artıq olan meşə fonduna aid torpaq sahəsinin mənimsənilməsində təqsirli bilinib”,- məlumatda qeyd olunur.

Bu əməl Ukrayna Cinayət Məcəlləsinin 191-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan cinayət tərkibini təşkil edir. Ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, həmçinin təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarının icrası ilə bağlı qurum və təşkilatlarda vəzifə tutmaq və ya xüsusi səlahiyyətlə bu funksiyaları yerinə yetirmək hüququndan üç il müddətinə məhrumetmə, eləcə də ona mülkiyyət hüququ əsasında məxsus bütün əmlakın müsadirəsi tətbiq edilib.

Məhkəmənin hökmü elan edildiyi gündən etibarən apellyasiya qaydasında şikayət verilmədiyi halda, otuz gün sonra qanuni qüvvəyə minəcək.

Mövzuya görə xəbərlər