Bakı, TurkicWorld
Almaniya PKK üçün bir sığınacaq ölkəsidir. Burada ianələr toplanır və siyasi nüfuz yaradılmağa çalışılır.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bunu Almaniya daxili kəşfiyyat xidməti rəhbəri Tomas Haldenvanq deyib.
Haldenvanq, PKK-nın xüsusilə Türkiyə daxilində terroru yayan beynəlxalq bir terror təşkilatı olduğunu etiraf edib.
Almaniyada PKK-ya yaxın qurumların mövcud olduğunu və bağış kampaniyaları vasitəsilə böyük miqdarda pullar əldə edildiyini bildirən Haldenvanq, bu pulların sonradan Türkiyədə PKK-nın terror fəaliyyətlərinin həyata keçirilməsi və Türkiyədə yaşayan PKK üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunduğunu açıqlayıb.
Mətbuat konfransında çıxışı zamanı Haldenvanq bildirib ki, PKK Almaniyada geniş şəkildə fəaliyyət göstərir və Türkiyədəki terror aktları Almaniyada toplanan ianələr vasitəsilə maliyyələşdirilir.
"PKK xüsusilə Türkiyə ərazilərində terror törədən beynəlxalq bir terror təşkilatıdır. Bölgədə davamlı hücumlar və qətllər baş verir. Bu baxımdan, PKK Almaniyada da mübarizə aparılan beynəlxalq bir terror təşkilatıdır. PKK-ya bağlı təşkilatların genişmiqyaslı ianə kampaniyaları keçirdiyini görürük. Bu pullar daha sonra Türkiyədə terrorizmin maliyyələşdirilməsi üçün istifadə edilir. Bu kontekstdə gənclərin döyüşçü kimi PKK sıralarına cəlb edildiyini də bilirik",- deyə o qeyd edib.