Son dəqiqə

İsrail Qəzza Benyamin Netanyahu

HƏMAS atəşkəs istəmir – Benyamin Netanyahu

Bakı, TurkicWorld

Netanyahu altı girovun ölümündən sonra HƏMAS-ın “atəşkəs istəmədiyini” iddia etdi

TurkicWorld xəbər verir ki, bazar günü İsraildən verilən açıqlamada Qəzza zolağında keçirilən əməliyyat zamanı 6 girovun cəsədinin tapıldığı bildirilib. Girovların İsrail qüvvələrinin gəlməsindən bir qədər əvvəl öldürüldüyü iddia edilib.

HƏMAS-ı girovları “soyuqqanlıqla” öldürməkdə günahlandıran Netanyahu İsrailin hesab soruşacağını bildirib.

Girovların ölü tapılması baş nazir Benyamin Netanyahuya qarşı kütləvi etirazlara səbəb olub. İsrail vətəndaşları Qəzzada yeni bir müharibənin başladığı oktyabrdan bəri girovların sağ qaytarılmasını və bu məqsədlə HƏMAS ilə danışıqların aparılmasını tələb edirdi.

Sözügedən girovlardan beşi HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadaları tərəfindən oktyabrın 7-də Əqsa Tufanı əməliyyatı zamanı İsrailin cənubunda keçirilən musiqi festivalında əsir götürülüb. Altıncı girov isə yaxınlıqdakı Be’eri əkinçilik icmasından qaçırılmışdı.

Girovların azad edilməsi ilə bağlı mümkün razılaşma üzrə danışıqlar aylardır davam etsə də, girovların qohumları Netanyahunu atəşkəs danışıqlarında istəksiz davranmaqda ittiham edirlər.

İsrail ordusu bildirib ki, cəsədlər Qəzzanın cənubundakı Rəfah şəhərində keçən həftə daha bir girovun sağ-salamat xilas edildiyi yerdən təxminən bir kilometr uzaqlıqdaki bir tuneldən çıxarılıb.

“İlkin məlumata görə, onlar HƏMAS terrorçuları tərəfindən biz onlara çatmazdan qısa bir müddət əvvəl vəhşicəsinə öldürülüb”, – hərbi sözçü kontr-admiral Daniel Hagari mətbuata açıqlamasında deyib.

HƏMAS müharibənin dayandırılması, İsrail qüvvələrinin çıxarılması və yüksək rütbəli əsgərlər da daxil olmaqla, çoxlu fələstinli əsirlərin azad edilməsi qarşılığında girovları azad etməyi təklif etmişdi.

HƏMAS-ın yüksək rütbəli rəsmilərindən olan İzzat ər-Rişq girovların ölümündə İsrail və ABŞ-ı günahlandırıb. Rişk İsrailin HƏMAS-ın iyul ayında qəbul etdiyi atəşkəs təklifini qəbul etmədiyini, təklifə əməl edilsəydi, girovların hələ də sağ qalacağını bildirib.

Qeyd edək ki, Oktyabrın 7-də ümumilikdə 250-yə yaxın girov götürülüb. Bazar günü altı girovun cəsədi tapılmamışdan əvvəl İsrail rəsmiləri Qəzzada 108 girovun hələ də saxlandığına və onlardan təxminən üçdə birinin öldüyünə inandıqlarını açıqlamışdı.

Noyabr ayında bir həftə davam edən atəşkəs zamanı İsrail tərəfindən həbs edilən fələstinlilərin azad edilməsi müqabilində 100-dən çox girov azad edilmişdi.

Onu xatırladaq ki, İsrailin daha əvvəl girovları xilas etmək üçün keçirdiyi iki əməliyyatda çoxlu fələstinli həyatını itirmişdi. HƏMAS isə İsrailin hava hücumları və uğursuz xilasetmə cəhdləri nəticəsində çoxlu sayda girovların öldüyünü bəyan edib.

Mövzuya görə xəbərlər