Bakı, TurkicWorld
Əfqanıstan İslam Əmirliyi administrasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) təyin etdiyi xüsusi məruzəçi Riçard Bennetin Əfqanıstana girişini qadağan edib.
TurkicWorld xəbər verir ki, İslam Əmirliyi administrasiyasının sözçüsü yerli Tolo News telekanalına verdiyi açıqlamada insan haqları təşkilatını "dezinformasiya yaymaqda" ittiham edib.
Bennet 2022-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası tərəfindən Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanda insan haqlarının vəziyyətini izləmək üçün təyin edilib.
Daha əvvəl İslam Əmirliyinin "qadın və qız uşaqlarına qarşı rəftarının insanlığa qarşı cinayət ola biləcəyini" iddia edən Bennet Əfqanıstandan kənarda yaşayır, lakin vəziyyəti araşdırmaq üçün bir neçə dəfə ölkəyə səfər edib.
İslam Əmirliyinin Xarici İşlər Nazirliyinin sözçüsü Abdulqahhar Belxi Reuters agentliyinə bildirib ki, Bennett "Əfqanıstana səyahət vizası ala bilməyib".
“Cənab Bennetdən iş zamanı peşəkarlığa riayət etməyi dəfələrlə tələb etdikdən sonra belə… onun hesabatlarının Əfqanıstanın və əfqan xalqının maraqlarına zərər vuran qərəzli fikirlərə və dezinformasiyaya əsaslandığı müəyyən edilib”, - Belhi bildirib.
İslam Əmirliyi administrasiyasının sözçülərindən biri Zabihullah Mücahid daha əvvəl verdiyi açıqlamada, "Əfqanıstanda mövcud administrasiya İslam qanunlarının və yerli adət-ənənələrin şərhinə uyğun olaraq qadınların hüquqlarına hörmət edir",- deyə bildirmişdi.
Mücahid Tolo News telekanalına müsahibəsində Bennetin Əfqanıstana girməsinə icazə verilməyəcəyini bildirib və xarici rəsmilərin nadir hallarda bu şəkildə əngəlləndiyini əlavə edib.
Zebihullah Mücahid deyib ki, “Cənab Bennetin Əfqanıstana səfəri qadağan edilib, ona görə ki, o, Əfqanıstanla bağlı dezinformasiya yaymaq tapşırılıb… O, kiçik məsələləri şişirdərək əks-təbliğat aparırdı”.
20 illik davam edən müharibə ilə birlikdə ABŞ və NATO işğalının sona çatmasından və Talibanın qələbəsindən sonra Əfqanıstanda yenidən İslam Əmirliyi administrasiyası quruldu.
Lakin bu idarə hələ heç bir ölkə tərəfindən rəsmən tanınmayıb.
Əfqanıstanın mərkəzi bankının aktivləri Birləşmiş Ştatlar tərəfindən dondurulub və İslam Əmirliyinin bir çox yüksək vəzifəli rəsmiləri BMT-nin səyahət məhdudiyyətlərinə məruz qalıb.
BMT-nin Əfqanıstandakı missiyası da Kabildə fəaliyyət göstərir və insan haqları məsələlərinə nəzarət edir və hesabat verir.
Lakin İslam Əmirliyi administrasiyası tez-tez bu xəbərləri “həqiqətə uyğun olmayan və daxili işlərə müdaxilə” kimi qiymətləndirir.