Hollandiya İsraili işğalı ilhaqa çevirməkdə ittiham edib

Hollandiya İsraili işğalı ilhaqa çevirməkdə ittiham edib

Bakı. TurkicWorld:

Beynəlxalq Ədalət Məhkəməsinin dinləmələrində Hollandiya İsraili işğalı ilhaqa çevirməkdə ittiham edib.

TurkicWorld xəbər verir ki, bu barədə dinləmələrdə Hollandiya adından çıxış edən Xarici İşlər Nazirliyinin hüquq müşaviri, Amsterdam Universitetinin beynəlxalq hüquq professoru Rene Lefeber bildirib.

“İşğal olunmuş torpaqlar üzərində suverenlik bərqərar oluna bilməz və işğal olunmuş torpaqlar ilhaq edilə bilməz”, - deyə o əlavə edib.

Lefeber onu da vurğulayıb ki, İsrailin bu cür hərəkətləri Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna əsasən “müharibə cinayətləri” hesab edilir.

“Bir ölkənin ərazisini işğal edən dövlət bu ərazilərdə yaşayan insanların öz müqəddəratını təyinetmə hüququna hörmət etmək və dəstəkləmək öhdəliyi daşıyır”, - deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 29 min 195 nəfərə çatıb.

X: Lamanasadli01