İsrailə edilən təzyiqlər nəticə verir - Rufiz Hafizoğlu

İsrailə edilən təzyiqlər nəticə verir - Rufiz Hafizoğlu

Bakı. TurkicWorld:

"İsrailin hərbi əməliyyatların intensivliyini azaltması əslində gözlənilən idi. İsrail burada müxtəlif maneələrlə rastlaşıb. Burada başlıca amil hərbi əməliyyatlarla bağlı beynəlxalq ictimaiyyətin ciddi narahatlıq keçirməsidir".

TurkicWorld xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu İsrailin Qəzzada hərbi əməliyyatın intensivliyini azalması məsələsini şərh edərkən deyib.

Şərhçi bildirib ki, açıq şəkildə deyilməsə də, İsrailə diplomatik yollarla təzyiqlər artır:

"İstər Qərb, istərsə də ABŞ-dan olsun, bu kimi təzyiqlər artır. Bu hal xüsusən də keçən ilin sonundan hiss olunmağa başlayıb. Almaniyanın xarici işlər naziri dinc insanların öldürülməsinin HƏMAS-la müharibəyə heç bir halda haqq qazandıra bilməyəcəyini deyib. İsrailin burada itirdiyi başqa bir məqam da var. Onun üçün sıxıntı yaradacaq digər məsələ İsrailin yarandığı gündən dünyaya Yaxın Şərqin ən hüquqi və demokratik dövləti olduğunu yürütməyə çalışmasıdır. Amma bu utopik nəzəriyyə İsrail tərəfindən dəfələrlə darmadağın edilib. Son hadisələr də göstərir ki, bu heç də belə deyil. Dünya da artıq İsrailin demokratik dəyərlərə sahib olmadığını görməyə başlayıb ki, bu da Təl-Əviv üçün ciddi sıxıntıdır".

Həmsöhbətimiz deyir ki, əməliyyatın 3 ay davam etməsinə rəğmən hər hansı bir ciddi uğurun əldə olunmaması İsrail üçün ciddi problemdir:

"Təl-Əviv düşünürdü ki, maksimum bir aya Qəzzanı HƏMAS-dan xilas edəcək. Bunlar baş vermədi. İsrail daxilində də müharibə əleyhinə ciddi etirazlar var. Ölü sayları gizlədilir, dövlət büdcəsinə milyardlarla dollar ziyan dəyir. Müharibə həmçinin İsrailin ərəb dünyası ilə əlaqələrinin normallaşmasına ciddi təsir göstərir. Bütün bunlar fonunda İsrailin gec-tez hərbi əməliyyatın intensivliyini azaltması gözlənilən idi. İsrail əməliyyatı lokal müharibə kimi təqdim etsə də, Qəzzada heç bir loka əməliyyat 3 ay çəkməyib. HƏMAS-ın tam məhvi də mümkün olan məsələ deyil. Qırğınları uzatmaqla əslində İsrail çox şeydə uduzur, vətəndaşlarının gələcəyini ciddi risq altına alır".

Qeyd edək ki, "New York Times”ın məlumatına görə, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatların intensivliyini azaltmağa başlayıb. Onlar əsgərlərin sayını və hava hücumlarını azaldır. Məlumatda bildirilir ki, yanvar ayından İsrail ordusu Qəzza zolağında əsgərlərinin sayını azaltmağa başlayıb. Anklavın şimalında da əməliyyatların intensivliyi azaldılır. İsrail hərbçiləri genişmiqyaslı manevrlər əvəzinə dəqiq reydlər keçirir.