Ermənistan KTMT-ni boykot edir - Parlament spikeri dekabr görüşündə iştirakdan imtina etdi

Ermənistan KTMT-ni boykot edir - Parlament spikeri dekabr görüşündə iştirakdan imtina etdi

Bakı. TurkicWorld:

Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabr görüşündə iştirakdan imtina edib.

TurkicWorld bu barədə erməni KİV-ə istinadən xəbər verir.

"Ermənistan təşkilatdan çıxmağa qərar verməyib, lakin fikrimcə, hazırkı vəziyyətdə mənim iclasda iştirakım yersizdir", - o deyib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da KTMT-nin 22-23 noyabr tarixlərində Minskdə keçiriləcək görüşündə iştirak etməyəcəyini bildirib. Həmçinin, Ermənistanın müdafiə naziri Suren Papikyan da KTMT-nin Minsk görüşündə iştirak etməyəcək.

Xatırladaq ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan da Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də KTMT-nin iclasında iştirak etməyəcəyini bildirib.

Yeri gəlmişkən, bu yaxında müxtəlif informasiya platformaları, təbliğatçı KİV ekspertləri və nümayəndələrinin iştirak etdiyi qapalı konfransda Ermənistanın baş naziri ölkənin xarici siyasət kursunun dəyişdiyini bəyan edib. Görüşdən sonra Paşinyan KTMT və Müstəqil Dövlətlər Birliyinin (MDB) fəaliyyətində iştirakı dayandırmaq qərarını açıqlayıb və hər iki təşkilata alternativ mexanizmlər axtarışındadır.

Paşinyan, həmçinin, Qərb tərəfdaşlarının müxtəlif sahələrdə bir sıra maraqlı vədlər verdiyini qeyd edib.