Son dəqiqə

Notr-Dam kilsəsi Tarixi abidələr

Notr-Dam kilsəsinin tarixi haqqında maraqlı faktlar

Bakı. TurkicWorld:

Fransa paytaxtının simvollarından biri hesab olunan tarixi Paris Notr-Dam kilsəsi və ya Paris Məryəm ana kilsəsi - Paris şəhərinin mərkəzində, Sena çayı sahilində yerləşir. O, Parisin ilk xristian kilsəsi hesab edilən, Müqəddəs Stefan bazilikasının yerində tikilib. Təəssüf ki, bazilika Fransa ərazisini işğal edən Normanlar tərəfindən məhv edilib.

Notr-Dam kilsəsinin tikintisinə 1163-cü ildə kral VII Lüdovikin vaxtında başlanılıb. Məbədin tikintisi təxminən iki əsr davam edib. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılıb.

Kilsənin tikintisində həm qotik, həm də roman memarlıq üslubunda elementlərdən istifadə olunub. Tikinti zamanı ideya olaraq kilsənin bütün Paris əhalisinin yerləşə biləcəyi böyüklükdə olması planlaşdırılıb. O vaxt Parisin 10 minə yaxın əhalisi olub.

Kilsədə böyük divar yoxdur. Bütün bünövrəni tağları birləşdirən sütunlar təşkil edir. Transeptin hər iki tərəfindəki qızılgül pəncərələri öz həcmlərinə görə Avropada ilk sıradadır və onların diaqramları 13 metrdir. Kilsənin inşası tamamlandığında kilsə qərbin ən böyük kilsələrindən biri olub. İnqilabi mübarizədən sonra 1844 -1864-cü illərdə arxitektor Violle-le-Dükün rəhbərliyi altında kilsə restavrasiya olunub və kilsə memarlığına yeni motivlər əlavə edilib.

Özündə həm dini həm də tarixi motivləri ehtiva edən kilsə Fransa tarixinin müəyyən epizodları ilə yaxından əlaqəlidir. Belə ki, 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər Kral kilsəsinə gətirilməsi burada baş verib. Krallar müharibələrə getməzdən öncə burada dua oxuyub. 1302-ci ildə IV Filipp parlamentin ilk iclasını burada çağırıb. VI Henrinin tacqoyma və 1804-cü ildə Napoleonun İmperator tacını qəbuletmə mərasimi bu kilsədə baş verib. Fransanın xalq qəhrəmanı Janna Darkın ölümündən sonra məhkəmə prosesi məhz bu kilsədə keçirilib və o bəraət alıb.

Fransa inqilabı zamanı xalq kral hakimiyyətinin simvolu hesab olunan kilsəyə hücum edərək, kralların fasadda qoyulmuş heykəllərinin başlarını qoparıb. Həmçinin hücum zamanı bir sıra tarixi əhəmiyyətli əşyalar məhv edilib. Yalnız inqilabçıların partlayıcı maddələri bitdiyindən bina dağılmaqdan xilas olub. Kilsədən ərzaq anbarı kimi istifadə edilməsinə başlanılıb.

Dahi fransız yazıçısı Viktor Hüqonun eyniadlı tarixi romanı sayəsində kafedral dünyanın ən tanınmış abidəsinə çevrilib. Kilsə ilə bağlı ən məşhur film “Notr-Damdan olan qozbel” filmidir. Müxtəlif illərdə bu filmin müxtəlif versiyaları və çizgi filmi çəkilib.

Bu kilsəni il ərzində 20 milyondan çox insan ziyarət edir. Bu ziyarətçi sayı kilsəni Parisin və bütün Avropanın ən çox ziyarət edilən məkanına çevirir. Kilsənin 850 illik yubileyi münasibətilə, kilsənin XXI əsrə keçməsini bildirmək üçün böyük işlər görülüb. Axşam ziyarətləri və konsertlər üçün şərait yaradılıb. 2013-cü ildə ilk olaraq böyük orqanın idarə edilməsi tamamilə komputerləşdirilib.

Kilsə 1991-ci ildə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Dünyanın mədəniyyət incisi adlandırılan kilsənin bir hissəsi 2019-cu il 15 aprel tarixində yanğın nəticəsində məhv olub.

Mövzuya görə xəbərlər