Bakı, TurkicWorld:
Bədii ədəbiyyat, bu ədəbiyyatı yaradanların irsinə diqqət və sayqı ulu öndər Heydər Əliyevin ictmai-siyasi fəaliyyətində və görüşlərində xüsusi yer tutur. Xüsusilə klassik ədəbi nümunələr, bu nümunələri yaradanların yaradıcılığına hələ sağlığında o, yüksək qiymət vermiş, onların məzarlarının bərpası, bədii irslərinin qorunması məqsədilə tədbirlər görmüşdür.
Heydər Əliyev nəinki Azərbaycanda, Azərbaycandan kənarda da kassik irsin nümayəndələrinə qayğı və ehtiramını göstərir, onların xatirəsinin əbədiləşdirilməsi üçün əlindən gələni edirdi. Ədəbiyyat nümayəndələri ilə bağlı keçirilən bütün tədbirlərdə ulu öndər iştirak edir, məzmunlu çıxışı ilə bu xalqın ədəbiyyatının zənginliyini, bəşəriliyini bir daha sübuta yetirmiş olurdu.
Heydər Əliyevin çox sevdiyi şairlərdən biri Məhəmməd Füzuli idi. 1994-cü ildə iqtisadi vəziyyətin çətin olmasına baxmayaraq, o, şairin 500 illik yubileyinin yüksək səviyyədə keçirilməsini vacib bilmişdi. Ulu öndər haqlı olaraq hesab edirdi ki, keçid döründə, mənəviyyatın, mədəniyyətin sıxıntı keçirdiyi bir dövrdə belə yubileylər həyatı zənginləşdirər. Azərbaycan dövlət müstəqilliyini, milli azadlığını əldə edəndən sonra Füzulinin yubileyinin keçirildiyi bütün tədbirlərdə o iştirak edir, böyük şairin ölməz irsinin milli mədəniyyətimizin, milli mənəviyyatımızın bir hissəsi olduğunu bidirirdi. Onun fikrincə, Füzulinin yubileyi onun ölkə, xalq, dünya qarşısında bir tərəfdən tanıtımı idisə, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramın ifadəsidir. Şairin yubiley tədbirində Heydər Əliyev demişdir: “Məhəmməd Füzuli öz əsərləri, yaradıcılığı ilə özünə yenilməz bir heykəl, abidə yaratmışdır. Bu abidə 500 ildir ki, insanların qəlbindədir. O, Azərbaycan Respublikasının hər bir vətəndaşının qəlbindədir. Bu, mənəvi abidədir. Məhəmməd Füzulinin əsərlərində insanların sevgisi, məhəbbəti, eşqi, insanın insana münasibəti, sədaqəti, etibarlılığı vəsf, tərənnüm edilmişdir. M.Füzuli bütün əsərlərində insanları sədaqətə, eibarlılığa, ataya-anaya, Vətənə, torpağa, eşqə, məhəbbətə, öz ülvi duyğularına sədaqətə dəvət etmişdir – bunların hamısı 500 il bundan əvvəl olduğu kimi, bu gün də insanlar üçün ən vacib, lazım olan yüksək mənəvi keyfiyyətlərdir”.
Heydər Əliyev Məhəmməd Füzuli kimi şəxsiyyəti olan xalqın nümayəndəsi olması ilə fəxr edir, klassik ədəbiyyat nümayəndələrinin əsərləri ilə tanış olduqda xalqın nə qədər müdrik və istedadlı olduğuna bir daha əmin olduğunu bildirirdi. XX əsrə qədər yaşayıb-yaradan klassiklər – Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov özlərindən sonra zəngin bir irs qoyub getmişlər. C.Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın milli xüsusiyyətlərini, ümumbəşəri dəyərləri əks etdirən fikirləri Heydər Əliyev milli ideologiyanın əsası və onun yaranması üçün bir vasitə sayırdı. C.Məmmədquluzadənin o dövrdə həm milli, həm də dünyəvi dəyərləri yaradıcılığında əks etdirə bilmək, xalqı qəflət yuxusundan oyatmaq cəhdini o, böyük vətəndaşlıq cəsarəti, xalqı qarşısında böyük xidmət sayırdı.
Ədəbiyyatın keçdiyi keşməkeşli yolun özünəməxsusluqlarını gözəl bilən Heydər Əliyevin bədii təfəkkür sahibləri, zaman və həyat, reallıq və xalq taleyi, tarixilik və müasirliklə bağlı ədəbi düşüncələri, qiymətli fikir və mülahizələri azərbaycançılıq ideologiyasının formalaşmasında qiymətli mənbələrdəndir.
Nazilə Abdullazadə
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri
