Son dəqiqə

Səməd Bəşirli

Azərbaycanda süni intellekt və innovasiya sahəsində bacarıqların inkişafı prioritetdir

Bakı,TurkicWorld

Azərbaycanda süni intellekt, istehsal, investisiya, enerji, texnologiya, infrastruktur və təhsil sahələrinin inteqrasiyası fonunda insan kapitalının inkişafı və təhsil sahəsində əməkdaşlıq yeni əhəmiyyət kəsb edir.

TurkicWorld-un tədbirdəki müxbirinin məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubu oxuyarkən deyib.

O bildirib ki, təhsil ölkə səviyyəsində tərəfdaşlıqların genişləndirilməsi üçün mühüm istiqamətlərdən birinə çevrilib və bu baxımdan IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması strateji əhəmiyyət daşıyır.

Nazirin məktubunda qeyd olunub ki, mərkəzin yaradılması təşəbbüsü cari ilin aprel ayında irəli sürülüb, sentyabr ayında isə Bakıda Azərbaycan MBA proqramının açılış mərasimi keçirilib. Hazırda təhsil və tədqiqat sahələrini əhatə edən geniş fəaliyyət istiqamətlərinə malik mərkəzin açılması bu əməkdaşlığın yeni mərhələsidir.

Mikayıl Cabbarov məktubunda mərkəzin yaradılmasında iştirak edən IE Universitetinə, "PAŞA Holding"ə, SOCAR-a, Elm və Təhsil Nazirliyinə, eləcə də digər universitetlərə təşəkkürünü bildirib.

Məktubda vurğulanıb ki, mərkəz süni intellektin qlobal iqtisadiyyatda geniş tətbiq olunduğu bir dövrdə fəaliyyətə başlayır. Bu şəraitdə əsas məsələ texnologiyaların sadəcə tətbiqi deyil, onların səmərəliliyə, məhsuldarlığa və əlavə dəyərə çevrilməsidir. Bunun üçün isə güclü institusional liderlik və müvafiq peşəkar bacarıqlar tələb olunur.

Bildirilib ki, Azərbaycanın 2030-cu ilədək müəyyən edilmiş beş milli prioritetindən biri rəqabətqabiliyyətli insan kapitalının və müasir innovasiya məkanının formalaşdırılmasıdır. İnsan kapitalının inkişafı və bacarıqların artırılması dövlət proqramlarının əsas istiqamətlərindəndir. Ölkə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də mühüm irəliləyişlər əldə edib.

Məktubda qeyd olunub ki, növbəti mərhələdə məqsəd yalnız məhsul və xidmət istehsalını artırmaq deyil, həm də daha yüksək əlavə dəyər yaratmaqdır. Yeni sənaye sahələrinin inkişafı üçün müasir texnologiyaları mənimsəyən, iş proseslərinin səmərəliliyini və məhsuldarlığını artıran mütəxəssislərə ehtiyac var.

"Əsas məqsəd rəqəmsal bacarıqlara malik, dəyişən şəraitə uyğunlaşa bilən və qlobal miqyasda rəqabətədavamlı işçi qüvvəsi formalaşdırmaqdır", – deyə məktubda vurğulanıb.

Bununla yanaşı, süni intellekt, məlumat elmi və kibertəhlükəsizlik kimi sahələrdə mövcud bacarıq çatışmazlığının aradan qaldırılmasının vacibliyi qeyd edilib.

Mikayıl Cabbarovun məktubunda vurğulanıb ki, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması yalnız bir qurumun səyləri ilə mümkün deyil. Bu proses dövlət siyasətinin, biznes sektorunun tələblərinin və akademik fəaliyyətin uzlaşdırıldığı sistemli tərəfdaşlıq tələb edir. IE Liderlik və İnnovasiya Mərkəzi də məhz belə əməkdaşlıq modeli əsasında yaradılıb.

Məktubda SOCAR və "PAŞA Holding"in bundan əvvəl də İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birgə bacarıqların inkişafına yönəlmiş layihələr həyata keçirdiyi bildirilib.

Bu təşəbbüslərə "Coursera" platforması ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Azerbaijan Skills Accelerator – Sənaye İnqilabı Akademiyası" milli proqramı, eləcə də universitetləri, tədqiqat laboratoriyalarını, texnologiya şirkətlərini və startapları bir araya gətirən "Sabah City" innovasiya kampusu nümunə göstərilib.

Qeyd olunub ki, bu layihələr müasir bacarıqların inkişafı üçün dövlət qurumları, biznes sektoru, təhsil müəssisələri və beynəlxalq tərəfdaşlar arasında koordinasiyalı əməkdaşlığa əsaslanan ekosistemin yaradılmasının vacibliyini nümayiş etdirir.

Mövzuya görə xəbərlər