Son dəqiqə

İran Küveyt Bəhreyn BMT Təhlükəsizlik Şurası Hörmüz boğazı

Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Bəhreyn İranın qonşu Küveytə qarşı ardıcıl raket və pilotsuz uçuş aparatı hücumlarını qətiyyətlə pisləyib. Bəhreyn tərəfi bu addımları Küveytin suverenliyinin kobud şəkildə tapdanması, beynəlxalq hüquq normalarının və mehriban qonşuluq prinsiplərinin ciddi şəkildə pozulması kimi dəyərləndirib.

Bəhreyn Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda bildirilir ki, bu cür hərbi müdaxilələr regionda gərginliyin azaldılması istiqamətində göstərilən səyləri heçə endirir, ümumi təhlükəsizlik və sabitliyə açıq təhdid törədir. Bəyanatda həmçinin Küveytin təhlükəsizliyinin Bəhreynin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsi olduğu vurğulanıb.

Bəhreyn diplomatiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edərək qurumu öz tarixi məsuliyyətini yerinə yetirməyə çağırıb. Bəyanatda vurğulanır ki, Təhlükəsizlik Şurası İranın beynəlxalq hüquqa və müvafiq sazişlərə əməl etməsini təmin etmək üçün qətiyyətli, çəkindirici addımlar atmalıdır. Rəsmi Manama Tehranın bölgə ölkələrinə və xalqlarına qarşı hücumları dayandırmasını tələb edir. Eyni zamanda Hörmüz boğazında və digər həyati əhəmiyyətli dəniz yollarında gəmiçilik hərəkətinin təhlükəsizliyinin qorunması, dəniz quldurluğunun tam qarşısının alınması üçün təsirli tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Mövzuya görə xəbərlər