BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa İttifaqı İlon Maska məxsus X sosial media platformasının rəqəmsal xidmətlər haqqında qanunun şəffaflıq tələblərinə uyğunlaşmaq üçün təqdim etdiyi fəaliyyət planını qəbul edib.
TurkicWorld xəbər verir ki, bu barədə Avropa Komissiyası açıqlama yayıb.
Bəyanatda bildirilir ki, qəbul edilən tədbirlər X platformasının fəaliyyətinin daha şəffaf olmasına, tədqiqatçıların məlumatlara çıxış imkanlarının genişlənməsinə və platformanın yaratdığı sistemli risklərin daha səmərəli qiymətləndirilməsinə şərait yaradacaq.
Komissiyanın məlumatına görə, yeni öhdəliklər vətəndaş cəmiyyəti nümayəndələrinə, alimlərə və ictimaiyyətə platformanın istifadəçilərə və bütövlükdə Avropa cəmiyyətinə təsirini daha yaxından izləmək imkanı verəcək.
Avropa İttifaqı həmçinin bildirib ki, X platforması hazırladığı fəaliyyət planının müstəqil və kənar auditorlar tərəfindən yoxlanılmasını öhdəsinə götürüb.
Qeyd edək ki, Avropa Komissiyası ötən il X platformasını Rəqəmsal Xidmətlər Aktının tələblərini pozduğuna görə 120 milyon avro məbləğində cərimələmişdi.
Son illər Avropa ölkələri sosial media platformalarına nəzarəti gücləndirir. Norveç, Fransa, Türkiyə və Böyük Britaniya da daxil olmaqla bir sıra dövlətlər yeniyetmələrin sosial mediadan istifadəsini məhdudlaşdıran qanunları müzakirə edir və ya tətbiq edir.





