BAKI,TurkicWorld,Yusif Şərifzadə
Hörmüz boğazında neft tankerlərinin hərəkəti kəskin şəkildə azalıb və dəniz daşımaları demək olar ki, dayanma həddinə çatıb.
TurkicWorld xəbər verir ki, cümə axşamı səhər saatlarında Hörmüz boğazından yalnız iki neft tankerinin keçdiyi qeydə alınıb.
Məlumata əsasən, həmin tankerlərdən biri İranın Xark adasından yüklənmiş “Berg 1” adlı böyük xam neft daşıyan tankerdir. Bu gəminin ABŞ sanksiyaları altında olduğu bildirilib.
Digər gəminin isə Marşall adaları bayrağı altında üzən kimyəvi maddə daşıyan “Well Sail” tankeri olduğu qeyd olunub.
Təhlillərə görə, Hörmüz boğazında dəniz nəqliyyatının kəskin azalması regionda artan hərbi gərginlik və təhlükəsizlik narahatlıqları ilə bağlıdır.
Dünyanın əsas enerji marşrutlarından biri hesab olunan Hörmüz boğazında hərəkətin məhdudlaşması qlobal neft bazarları üçün əlavə risklər yaradır.







