BAKI, TurkicWorld, Orxan Qədirzadə
1812-ci il müharibəsinin veteranı, kapitan Con Klivs Simms ABŞ-ın universitetlərinə, alimlərinə və rəsmi qurumlarına ünvanladığı məktubda Yerin içinin boş və yaşayış üçün əlverişli olduğunu iddia edib. Simms bəyan edirdi ki, planetin Şimal və Cənub qütblərində girişləri olan, öz günəşi, okeanları və hətta mümkün sivilizasiyası olan daxili dünya mövcuddur və bunu sübut etmək üçün ekspedisiya təşkil edilməlidir.
Simms bu nəzəriyyənin doğruluğunu yoxlamaq məqsədilə Sibirdən qütblərə doğru səyahət etməyi, 100 könüllü ilə birlikdə daxili Yerə giriş tapmağı təklif edib. O, hətta skeptik yanaşmaları qabaqlamaq üçün məktubuna “psixi sağlamlıq haqqında arayış” da əlavə edib. Lakin çağırışına rəsmi dəstək verilməyib.
“Boş Yer” nəzəriyyəsinin elmi kökləri
Yeraltı aləmlər və gizli sivilizasiyalar haqqında miflər minilliklər boyu mövcud olsa da, XVII əsrdə məşhur astronom Edmond Halley bu ideyaya elmi don geyindirməyə çalışan ilk alimlərdən biri olub. O, kompas sapmalarını izah etmək üçün Yerin bir neçə konsentrik təbəqədən ibarət olduğunu irəli sürmüşdü.
Simms isə bu fikri daha da irəli apararaq Yerin beş daxili təbəqədən ibarət olduğunu, qütb işıqlarının daxili günəşin əks olunması olduğunu və arktik heyvanların qışda bu daxili dünyaya çəkildiyini iddia edirdi.
Simmsin ideyaları uzun müddət ciddiyə alınmasa da, onun tərəfdarlarından biri – jurnalist Yeremiya Reynolds – sonradan bu fantaziyanı kənara qoyaraq ABŞ-ın Antarktidaya elmi ekspedisiya təşkil etməsi üçün lobbiçilik etməyə başlayıb. Bu təşəbbüs ABŞ prezidenti Con Kuinsi Adamsın diqqətini cəlb edib.
Nəticədə “Boş Yer” nəzəriyyəsi elmi baxımdan təkzib edilsə də, dolayısı ilə ABŞ-ın ilk böyük elmi Antarktida səfərinə yol açıb. 1838–1842-ci illərdə keçirilən Uilks Ekspedisiyası ABŞ-ın cənub qütb regionunda geniş tədqiqatlar aparmasına imkan yaradıb.
Beləliklə, XIX əsrin ən qəribə elmi ideyalarından biri rəsmi elm üçün yanlış olsa da, tarixdə mühüm coğrafi kəşflərə təkan verən amil kimi yadda qalıb.