"Damla İctimai Birliyi" tərəfindən “Bir uşağın xəyalı” adlı xeyriyyə aksiyası keçiriləcək

"Damla İctimai Birliyi" tərəfindən “Bir uşağın xəyalı” adlı xeyriyyə aksiyası keçiriləcək

Bakı. TurkicWorld

“Damla” Aztəminatlı ailələrə qayğı İctimai Birliyi və beynəlxalq WEARETOGETHERPRIZE layihəsində Azərbaycanı təmsil edən və vətənə qələbə ilə qayıdan “Biganə qalma” komandası xeyriyyə aksiyası keçirəcək. Bu barədə TurkicWorld-a İctimai birlikdən daxil olan məlumatda bildirilir. Məlumatda qeyd olunur ki , xeyriyyə aksiyası beş sentyabr 18:30-da Landmark, Rotunda zalında keçiriləcək.

“Xeyriyyə aksiyasının əsas hədəfi, Damla İB-nin Bakı üzrə qeydiyyatında olan bir və ya hər iki valideynini itirmiş 100 balanın dosta ünvanlanan məktubda yazdıqları arzuları həyata keçirməkdir”-deyə məlumatda bildirilir.

Qeyd edək ki , bu il avqustun 18-də, “Biganə qalma” komandası sosial media hesablarından xeyirsevər insanları, iş adamlarını, məhşur şəxsləri və bloqerləri aksiyaya qoşulmağa, bunu öz hesablarından bəyan edib estafeti dostlarına ötürməyə çağırıb və qısa bir müddət ərzində, (15 gün) 100 məktub xeyirsevərlərə təqdim olunub.

Məktubların 20-dən çoxu, Dövlət Məşğulluq Agentliyinin xeyirsevər kollektivi tərəfindən alınıb..

“Bu gözəl, saf niyyət və xeyir əməl dolu tədbirdə Sizləri də iştirak etməyə, balaların sevincinə şərik olmağa dəvət edirik. Xalqımızın tarixən sahib olduğu zəngin xeyriyyəçilik ənənələrinə sadiq olaraq, xeyriyyəçilik mədəniyyətini xalq olaraq birgə inkişaf etdirək və ictimaiyyətdə geniş tətbiqinə çalışaq”-deyə məlumatda bildirilir.

Qeyd edək ki , aksiyanın təşkilatçıları,“Damla”Aztəminatlı Ailələrə qayğı İB və “Biganə qalma” könüllü hərəkatı komandasıdır.