Bakı, TurkicWorld, Yusif Nəbiyev, Sosioloq
Cem Yılmaza sadəcə “komediyaçı” və ya “stand-upçı” prizmasından baxan adamın ondan zövq alması çətindir. Xüsusən də Azərbaycanda Komedixana tipli, birbaşa və primitiv gülüş mexanizmlərinə alışmış auditoriya üçün Cem Yılmaz çox vaxt “ağır”, “uzadılmış” və ya “nəyi gülməlidir ki?” təsiri bağışlayır.
Çünki Cem Yılmaz güldürmək üçün yox, göstərmək üçün danışır.
Onu düzgün oxumağın yolu Cem Yılmaza sosial müşahidəçi kimi baxmaqdır. Üstəlik, sadəcə müşahidə edən yox — gördüklərini sarkazm, kinayə, mübaliğə və ən əsası mükəmməl hekayə quruculuğu (storytelling) ilə auditoriyaya ötürən bir müşahidəçi.
Başqa sözlə: müasir Molla Nəsrəddin.
Özü də bunu gizlətmir. “DEPP” stand-up’ında açıq şəkildə deyirdi ki, bu işin piri, bu sənətin atributu Molla Nəsrəddindir. Sadəcə problem ondadır ki, bugünkü gənc nəsil — xüsusən Z nəsli — bu tip hekayəçiliklə əlaqəni itirib. Hadisəyə “nəticə odaklı” baxır. Hekayənin özünü yox, punchline-ı axtarır.
Cem Yılmazın orada dediyi ifadə çox yerində idi:
“Netice odaklı kuşak. Böyle kuşak mı olur?”
Amma problem Cem Yılmazda deyil. Problem dinləmə qabiliyyətindədir.
Cem Yılmazın əsas gücü detalları görməkdədir. Daha doğrusu, hamının gördüyü, amma ciddiyə almadığı xırda məqamları hekayələşdirib yaddaşa hopdurmaqda. Elə buna görə də onun stand-up’larında səhnələşdirdiyi nüanslar sonradan real həyatda insanın ağlına gəlir və istər-istəməz ondan sitat gətirmək istəyirsən.
Misal üçün:
İxtisas seçərkən “Hollivud effekti”nin insanı necə aldatması
Türk restoran mədəniyyətindəki absurdluqlar — açıq bufedə davranışdan tutmuş, sifariş vermə estetikasına qədər
Xarici dil, xaricilər və komplekslər
Molla Nəsrəddin hekayələrinə primitiv yanaşma
Zəngin türk insanının yenə türk insanından iyrənməsi paradoksu
Kasıb insanların “indi və burada” yaşaya bilməməsi
İnsanların nizamda möcüzə yox, anormallıqda “ilahi işarə” axtarması
Feminizm və LGBT diskursunun bəzi yerlərdə ideoloji maşına çevrilməsi
Bu mövzular Cem Yılmaz tərəfindən elə bir dillə danışılır ki, o hekayələr artıq beyində ayrıca düşüncə qəlibi kimi yaşayır.
Son konserti də bu baxımdan istisna deyil. Yenə gülməkdən çox düşünmək üçün material verir. Yenə səhnədən cəmiyyətə güzgü tutur.
Məsələn:
Kimliyin xarici görünüşə endirilməsi: plastik cərrahiyyə, tattoo, vizual obsesiyalar
Türk futbol azarkeşliyindəki kobudluq və ibtidailik
Siyasi iqtidar və müxalifətə ünvanlanan incə, sətiraltı “yapışdırmalar”
Televiziya debatlarında həmişə ekstrem ucların çıxarılması, ortadakı kütlənin səssizliyi
Tanrının həm mühakimə edən varlıq olması, həm də insanların onun mühakimə formasını absurdlaşdırması
Bütün bunlar bir yerdə Cem Yılmazı sadəcə səhnə adamı yox, zamanın sosial salnaməçisi edir.
Uzun sözün qısası:
Cem Yılmaz gülüş ustası deyil.
O, müasir Molla Nəsrəddindir.
Amma yalnız anlaya bilən üçün.