Son dəqiqə

Xüsusi günlər

Bu gün Qazaxıstanda "Respublika Günü" qeyd olunur

Bakı. TurkicWorld:

Qazaxlar türklərin qıpçaq qolunun ən böyük xalqıdır. Müasir Qazaxıstanın kökləri 1400-cü illərə qədər getməkdədir. 1400-cü illərdə müxtəlif türk tayfalarının birləşməsi ilə Mərkəzi Asiyada yeni bir boy yaranıb. Qızıl Orda dövləti dağıldıqdan sonra türk tayfaları Noqay xan ətrafında birləşərək Noqay Xanlığını qurdular. Bu xanlıq sonradan Qazax xanlığına çevrildi. Qazax xanlığı üç hissədən ibarət idi: Ulu juz, Kiçik juz və Orta juz. 1771-ci ildən etibarən onlar bir-birindən asılı olmayan siyasət yeritməyə başladılar. 1770-ci ilin sonlarında qazax juzları Rusiya və Çin arasında mübarizə meydanına çevrildi. Bu mübarizə rusların qələbəsi ilə başa çatdı. Bundan sonra ruslar işğal etdikləri qazaxların ölkəsində müstəmləkəçilik siyasəti yeritməyə başladılar. Bu torpaqların bütün imkanlarını mənimsədilər. Yerli qazaxları köçə məcbur etdilər. Qazaxların dilinə, dininə və yaşayışına müxtəlif qadağalar qoyulub.

Aclıq və siyasi səbəblərlə 1912-1917-ci illər arasında rus hökumətinə qarşı etiraz başladı. 1917-ci ildə Rusiyada çarlığın devrilməsi ilə əlaqədar olaraq Mərkəzi Asiya bir müddət müstəqil oldu. 1917–20 ci illər arasında keçmiş qazax juzları birləşərək "Alaş Orda" dövlətini qurdular. Bu dövlət üç il yaşaya bildi. 1920-ci ildən sonra ruslar hakimiyyəti ələ keçirdilər və bu tarixdən sonra SSRİ dövrü başladı. Rus hökuməti qazaxların milli şüurunu itirməsi üçün müxtəlif yollara əl atdı. Stalinin vaxtında qazaxcadan ərəb və farsca sözlər çıxarılaraq bunların yerinə rusca kəlmələr qoyuldu. Günümüzdə də qazaxcada olan bəzi kəlmələr üçün rus sözləri işlədilir. Sovet hakimiyyəti altında olan dövrdə 1933-cü ildə süni aclıq, 1937–38-ci illərdə soyqırım, 1954-cü ildə 6 milyon 300 min hektar yerin zorla rus mühacirlərinə paylanması, 1960-cı illərə qədər rus köçləri yerləşdirmə planlarının həyata keçirilməsi, 1986-cı ildə məşhur "Celtoksan" hadisəsini söyləmək mümkündür.

İkinci Dünya müharibəsindən sonrakı illərdə Qazaxıstan SSR-nin xalq təsərrüfatının bərpasında fəal iştirak etmişdir. 50–60-cı illərdə Qazaxıstanda 900-dən çox iri sənaye müəssisəsi və sexi tikilib işə salındı. Ust-Kamenoqorsk titan-maqnezium kombinatının, Pavlodar alüminium və alüminium oksidi zavodunun, Şərqi Qazaxıstanda sink zavodunun, Turqay boksit mədənlərinin yaradılması, mövcud əlvan metallurgiya müəssisələrinin yenidən qurulması və genişləndirilməsi ölkədə əlvan metal istehsalında Qazaxıstanın rolunu daha da artırdı. Karaqanda metallurgiya kombinatı tikildikdən sonra Qazaxıstan qara metallurgiyanın da mühüm bazasına çevrildi. Turqay düzündəki nadir dəmir filizi yatağı əsasında ildə 26,5 milyon ton filiz verən Sokolovo-Sarbay filizsaflaşdırma kombinatı yaradıldı. Bu kombinat Cənubi Ural və Qazaxıstan qara metallurgiya sənayesinin əsas xammal bazasına çevrildi. Karaqanda və Ekibastuz kömür hövzələrində yeni şaxtalar tikildi. Respublikada sənaye məhsulu istehsalı 2,1 dəfə artdı.

70-ci illərdən başlayaraq Qazaxıstanda yerli əhalinin sayı tədricən artmağa başladı ki, bu da etnik balansın dəyişməsi ilə nəticələndi. Yalnız 1989-cu ildə qazaxlar öz tarixi vətənlərində üstünlük təşkil etməyə başladılar. 1989-cu il SSRİ əhalisinin siyahıya alınmasına görə "ikinci böyük etnik qrup olan ruslar Qazaxıstan əhalisinin 37,8 faizini təşkil etmişlər". Respublikanın yeddi vilayətində isə ümumiyyətlə, rusların sayı qazaxlardan çox olub. SSRİ-nin dağılması və Qazaxıstanın müstəqillik əldə etməsindən sonra, buraya müəyyən səbəblər ucbatından köçürülmüş xalqlar öz ata-baba yurdlarına qayıtmağa başladı ki, bu da etnik mənzərənin köklü formada dəyişilməsinə gətirib çıxardı. Lakin Qazaxıstan yenə də əvvəlki kimi çoxmillətli respublika olaraq qalır.

SSRİ-də yenidənqurma başladıqdan və Qorbaçovun hakimiyyətə gəlişindən sonra Kunayev iqtisadiyyata pis rəhbərlik etdiyinə və korrupsiyaya görə vəzifəsindən uzaqlaşdırıldı. 1986-cı ilin dekabrında onun yerinə Ulyanovsk vilayət partiya komitəsinin rəhbəri Gennadi Kolbin (milliyətcə rus) təyin edildi. Bu təyinata etiraz əlaməti olaraq, minlərlə qazax tələbəsi Alma-Atada mitinq keçirdi. Məsələyə ordunun qarışması ilə minlərlə qazaxın qanı axıdıldı. 200 nəfərdən artıq insan həlak oldu. Bu ruslaşma və sovetləşmə siyasətinə qarşı ilk etiraz aksiyası idi və 1986-cı il sovet tarixinə millətlərarası toqquşma ili kimi daxil oldu. Hələ Qazaxıstan hadisələrindən bir neçə ay əvvəl mart-aprel aylarında Yakutiyada yakut tələbələri ilə rus gəncləri arasında qarşıdurma olmuşdu. G.Kolbin islahatlar aparmağı, qazax dilinin istifadəsini genişləndirəcəyini, hətta onun respublikada rəsmi dil kimi elan olunacağını söz verməklə vəziyyəti sakitləşdirməyə çalışdı. Yaranmış vəziyyətdən ehtiyat edən sovet rəhbərliyi 10 yanvar 1987-ci ildə Qazaxıstan KP MK-nin ikinci katibi vəzifəsinə milliyyətcə qazax olan Səidullah Kubaşovu gətirmək məcburiyyətində qaldı. Hadisələrin bir daha təkrarlanmaması üçün DTK vasitəsilə iştirakçılar təqib olunmağa, həbs edilməyə başlandı. Alma-Ata hadisələri Orta Asiyada milli məsələnin ciddi olduğunu və imperiyaya nifrətin gücləndiyini göstərdi. Qazaxıstanda müstəqil ictimai təşkilatlar meydana gəlməyə başladı. 1989-cu il iyunun 22-də Nursultan Nazarbayev Qazaxıstan KP MK-ın birinci katibi seçildi.

1990-cı ildə iqtisadi böhran və SSRİ-nin süqutundana sonra 1991-ci ildə müstəqil olaraq dünya arenasında öz yerini tapdı. Nursultan Nazarbayev ölkənin ilk prezidenti oldu.

1992-ci ildə Qazaxıstan Rusiyanın təşəbbüsünə əsasən yanvarda Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayıb.

1997-ci ildə paytaxt Almatıdan Astanaya keçirilib.

Qazaxıstanın xarici siyasət prioritetləri Rusiya, Çin, ABŞ, Avropa Birliyi, Orta Asiya dövlətləri. Həmçinin dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib.

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı, 1 mart 2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirlikləri fəaliyyətə başlayıb.

İbrahim Amanqaliyev Qazaxıstan Respublikasının Azərbaycanda ilk Səfiri olub.

2008-ci ilin yanvar ayından etibarən Primbetov Serik Dostanoviç Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı yeni Fövqəladə və Səlahiyyətli Səfiri kimi fəaliyyət göstərir. 29 yanvar 2004-cü il tarixində Lətif Qəndilov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Səfiri təyin edilmişdir.

13 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. İşçi qrupun rəhbəri Fərhad Qəribov, üzvləri N.Cəfərov, M.Quliyev, A.Quliyeva, V.Məmmədov, C.Həsənli və S.Seyidovdur. Milli Məclisin 126-IIIQR saylı, 2 oktyabr 2006-cı il tarixli qərarı ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində müəyyən dəyişikliklər edilərək, F.İbrahimli, R.Məmmədhəsənov, B.Sadıqov və R.Xəlilov Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə daxil edilmişlər.

6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsul v.i.e. R.Məmmədov fəaliyyətinə başlamışdır.

İki ölkə arasında indiyədək siyasi münasibətlərdə demək olar ki, heç bir problem mövcud olmayıb. Bu münasibətlər 1-2 mart 2004-cü il tarixlərində Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin dəvətilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Qazaxıstana və 24-25 may 2005-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin ölkəmizə rəsmi səfərlərindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Mövzuya görə xəbərlər