Türkiyə Cümhuriyyətinin yaranmasından 1 əsr ötür

Türkiyə Cümhuriyyətinin yaranmasından 1 əsr ötür

Bakı. TurkicWorld:

Milli Qurtuluş Savaşının zəfərlə başa çatması ilə Türkiyə tarixində yeni mərhələ başlandı. Lakin çox tezliklə istiqlal mübarizəsinin gedişində birləşmiş cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ölkənin gələcək dövlət quruluşu və inkişafı yolları haqda fikir ayrılıqları meydana çıxdı. Bu, özünü TBMM-nin fəaliyyətində də göstərməyə başladı.

Hələ 1920-ci il aprelin 23-də TBMM-in fəaliyyətə başlaması ilə yeni bir Türkiyə dövləti meydana gəlmiş, ölkədə əməli olaraq ikihakimiyyətlilik yaranmışdı. 1921-ci ilin "Əsas təşkilat" qanunu, TBMM-ni yeganə ali hakimiyyət orqanı kimi təsbit etmişdi. 1922-ci ilin noyabrında sultanlıq ləğv edilsə də, Xəlifəlik qalmaqda davam edirdi. Məhz bu zaman TBMM-də irticaçı-feodal fraksiya formalaşaraq müxalif mövqe tutmuş və M.Kamalın hələ 1921-ci il mayın 10-da xalqçılıq proqramı əsasında yaratdığı "Anadolunun və Rumelinin hüquqlarının müdafiə qrupundan" fərqli olaraq özlərini "ikinci qrup" adlandırmışdılar. Müxalifət arasından Xəlifəliyin siyasətə qarışması və hətta TBMM-nin qanunlarının onun tərəfindən təsdiq olunması səsləri ucalmağa başlamışdı.

Yaranmış vəziyyətdə M. Kamal daha qətiyyətli hərəkət etdi. Əvvəlcə 1923-cü il aprelin 1-də TBMM yeni seçkilər keçirmək haqqında qərar qəbul etdi. M.Kamal başçısı olduğu "hüquqları müdafiə qrupu" adından 9 prinsipi özündə əks etdirən proqram hazırladı. 1923-cü il avqustun 11-də Hüquqları müdafiə qrupu tərəfindən namizəd göstərilənlər ikidərəcəli seçkilər yolu ilə ikinci çağırış TBMM-ə seçildilər. Yeni seçilmiş Məclisin mühüm addımlarından biri Lozanna sülh müqaviləsini ratifikasiya etmək oldu.

1923-cü il sentyabrın 9-da M.Kamal "hüquqları müdafiə qrupunun" bazası əsasında Xalq Partiyasını yaratdı. Seçkilərdə tam qələbə qazanmış kamalçılar, müxalifəti ənənəvi mərkəzdən ayrı salmaq üçün oktyabrın 13-də TBMM-nin vasitəsilə Ankaranı Türkiyənin yeni paytaxtı elan etdilər. Oktyabrın 27-də hökumət istefaya çıxdı. Lakin iki gün ərzində yeni hökuməti təşkil etmək mümkün olmadığı üçün M.Kamal oktyabrın 29-da TBMM adından Türkiyəni Cümhuriyyət elan etdi. Məhz bundan sonra əsas dövlət vəzifələrinə seçkilər keçirildi. M.Kamal Türkiyə Cümhuriyyətinin ilk prezidenti seçildi. Oktyabrın 30-da İsmət paşa ilk cümhuriyyət hökumətini təşkil etdi. Hökumətin proqramında ölkə daxilində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, tərəqqi və inkişaf yolunda keçiriləcək tədbirlər bəyan edilirdi.

Lakin ölkədə sabitliyin bərqərar olması irticaçıları rahat buraxmırdı. Xəlifəliyin mövcudluğu onların keçmiş üsuli-idarənin bərpa olunması yolunda ümidgahına çevrilmişdi. Kamalçılar ölkədə keçirilmiş siyasi tədbirlərin dönməzliyini nümayiş etdirmək üçün Xəlifəliyi ləğv etmək qərarına gəldilər. 1924-cü il martın 3-də TBMM xəlifəliyin ləğvi və Osmanlı sülaləsinin ölkə xaricinə çıxarılması haqqında qanun qəbul etdi. Daha sonra TBMM-də qəbul edilmiş 429 və 430 saylı qanunlarla bütün elmi müəssisələrin və məktəblərin nəzarəti Maarif nazirliyinə verildi, Şəriət işləri üzrə Nazirlik ləğv edildi və bununla da din dövlətdən, maarif dindən ayrıldı.

1924-cü ilin martında TBMM yeni inzibati-ərazi vahidi haqqında qanun qəbul etdi. Buna əsasən vilayətlər ləğv edilir, sancaqlar isə "vilayət" adlandırılaraq birbaşa mərkəzə tabe edilirdilər.

Ölkənin idarə formasının dəyişdirilməsi və həyata keçirilmiş ilk tədbirlər, 1921-ci il "əsas təşkilat" qanununun yenisi ilə əvəz olunmasını tələb edirdi. 1924-cü il aprelin 20-də qəbul edilmiş "əsas təşkilat" qanununda cümhuriyyət idarə formasının toxunulmazlığı, millətin suverenliyi və s. məsələlər öz əksini tapmışdı. Lakin M.Kamalın irəli sürdüyü əsas prinsiplərdən biri olan laiklik (yunan sözü "laikos" – "dünyəvi" deməkdir) qanunda öz əksini tapmamışdı. Bunun hələ tələsik addım olduğunu başa düşən kamalçılar hətta bura "İslamın Türkiyənin dövlət dini olması" haqqında maddəni əlavə etmişdilər. Qanuna görə, ali dövlət hakimiyyəti orqanı 4 il müddətinə seçilmiş birpalatalı TBMM idi. O, icraedici hakimiyyəti prezident və nazirlər şurası vasitəsilə həyata keçirirdi. Ölkənin 22 yaşına çatmış bütün kişi əhalisi seçmək hüququ alırdı. Prezident dövlət başçısı olmaqla yanaşı Silahlı qüvvələrin də ali baş komandanı idi.

Qısa müddət ərzində keçirilmiş islahat və tədbirlər ölkədə liberal müxalifətin narazılığına səbəb oldu. Narazılıq dalğası TBMM-də də öz əksini tapdı. Bir qrup deputat M.Kamalın təsis etdiyi Xalq Cümhuriyyət Partiyasının (XCP, ölkə cümhuriyyət elan olunandan sonra Xalq Partiyası belə adlanır) dövlətçilik, inqilabçılıq prinsiplərinə müxalif mövqe tutaraq 1924-cü il noyabrın 17-də Tərəqqipərvər Cümhuriyyət Firqəsini (TCF) yaratdı. Firqə öz bəyannaməsində "ictimai qayələrdə təkamülü", proqramında isə "liberalizmi" əsas məslək elan edirdi. Firqəyə keçmiş "hüquqları müdafiənin 2-ci qrupu" ilə yanaşı K.Qarabəkir və Ə.F.Cəbəsoy da daxil olmaqla XCP-dən uzaqlaşmış bir qrup deputat da daxil oldu. Məhz bu firqənin təzyiqi ilə noyabrda hökumət istefaya çıxdı. Yeni baş nazir olan Ə.Fəthi bəyin mötədil baxışları ölkədə irticaçı təbəqələrin dirçəlməsinə səbəb oldu. Onların geri qalmış şərq vilayətlərində "dinin əldən getməsi" ruhunda apardıqları təbliğat kürd tayfa başçısı Şeyx Səidin başçılığı ilə üsyanlara səbəb oldu. 1925-ci ilin fevralında çıxışa başlayan üsyançılar İngiltərənin birbaşa köməyi ilə qısa müddət ərzində 14 vilayəti tutdular. Şeyx Səidin başlıca məqsədi mərkəzi Diyarbəkir olan kürd dövləti yaratmaq idi. Belə vəziyyətdə qətiyyətsizlik göstərən Fəthi bəyi martın 3-də yenidən İsmət paşa əvəz etdi. Bir gün sonra martın 4-də TBMM hökumətin təzyiqi ilə "Təqriri Sükun" (asayişin qorunması) adlanan qanun qəbul etdi. Qanuna görə, böyük səlahiyyətlər alan hökumətin gördüyü tədbirlər nəticəsində 1925-ci ilin aprelində üsyançılar Gənc çökəkliyi yaxınlığında mühasirəyə alınaraq darmadağın edildilər. Kürd üsyanlarının TCF-nin şərq vilayətlərində zərərli təbliğatlarının nəticəsi olduğu müəyyənləşdirildikdən sonra bu firqə 1925-ci ilin iyununda qadağan edildi.

Əslində dini şüarlarla baş vermiş kürd üsyanları yatırıldıqdan sonra M.Kamal və silahdaşları ruhani mühafizəkarların ictimai bazasını zəiflətmək baxımından öz dövrü üçün inqilabi səciyyəli tədbirlər həyata keçirməyə başladılar. Təkkə və türbələr bağlandı, təriqətlər qadağan olundu, dini müraciət formaları ləğv edildi. Kamalçılar islamda daha geniş islahatlar keçirməyi planlaşdırmışdılar. Lakin nəzərdə tutulan tədbirlər üçün XX-ci əsrin 20-ci illər Türkiyəsi hələ tam hazır olmadığından islahatçılar 1928-ci ildə konstitusiyadan yalnız "İslamı Türkiyənin dövlət dini elan edən" 2-ci maddənin götürülməsi ilə kifayətləndilər. Şəriət məhkəmələrinin rolunu heçə endirmək üçün TBMM 1926-cı ildə İsveçrənin mülki məcəlləsi timsalında mülki məcəllə qəbul etdi. Məcəllədə nigah aktlarının dövlət tərəfindən qeydə alınması öz əksini tapmışdı. Tezliklə cinayət məcəlləsi də qəbul edildi. Məişətdə keçirilən geniş tədbirlər gündəlik həyatda Avropa geyimlərindən istifadə olunmasını və s. nəzərdə tuturdu. 1929-cu ildə ölkədə kapitulyasiya rejiminin qalıqlarına son qoyan "Türkiyə vətəndaşlığı" haqqında qanun qəbul edildi. Maarif sahəsində əhali arasında kütləvi savadsızlığı ləğv etmək üçün latın əlifbasına keçmək haqqında qərar qəbul edildi.

Cümhuriyyət elan edildikdən sonra ölkə iqtisadiyyatının dirçəldilməsi M.Kamalın qarşıya qoyduğu ən böyük vəzifələrdən biri idi. Hələ 1923-cü ilin fevralında İzmirdə onun təşəbbüsü ilə iqtisadi konqres keçirilmiş, burada qəbul edilmiş iqtisadi proqramda ölkənin gələcək iqtisadi inkişafının əsasları müəyyən edilmişdi. Ümumiyyətlə, kamalçıların iqtisadi məqsədləri ilk dəfə məhz bu konqresdə dəqiq formalaşdı. Nümayəndələrin əksəriyyəti Türkiyənin iqtisadi müstəqilliyinin təmin edilməsi və milli kapitalın inkişafına yardım tələbi ilə çıxış edirdi. Konqresdə çıxış edən M.Kamal xarici kapitalın Türkiyənin daxili qanunlarına tabe olacağı şərtilə onun ölkəyə cəlb edilməsinin "qarşılıqlı surətdə mənfəətli olduğunu" bildirdi. O, burada Türkiyəni "varlılar ölkəsinə çevirmək" şüarını irəli sürdü.

Konqresin qərarlarında (İqtisadi And) ölkənin iqtisadi müstəqilliyinə nail olunmasının, xarici şirkətlərin fəaliyyətinə məhdudiyyət qoyulmasının, sənayenin və kənd təsərrüfatının inkişafının vacibliyi bəyan edilirdi.

Milli burjuaziya dövlətin yardımı və daxili bazarla sıx bağlı olan və inkişaf etmiş sənaye ölkələrinin rəqabətinə davam gətirən fabrik sənayesinin yaradılmasını tələb edirdi. Konqresin qərarlarında məhsuldarlığı aşağı olan manufaktura sənayesindən maşınlara əsaslanan fabrik sənayesinə qısa müddətdə keçidin həyata keçirilməsinin vacibliyi göstərilirdi. İqtisadi Andda ilk dəfə olaraq hökumətdən ölkə iqtisadiyyatında dövlət bölməsinin yaradılması tələb olunurdu.

Türkiyə aqrar ölkə olduğundan kamalçılar iqtisadiyyatda ən əhəmiyyətli islahatlardan birini kənd təsərrüfatı sahəsində həyata keçirdilər. 1925-ci il fevralın 17-də əşar (onda bir) vergisi ləğv edildi. Sovet tarixçiləri bu islahatın əhəmiyyətini azaltmaq üçün onun əvəzinə tətbiq edilən torpaq vergisinin 8 dəfə artırıldığını göstərirdilər. Lakin əslində əşarın ləğvi aqrar sahədə atılan inqilabi bir addım idi. Ə.Z.Karal əşarın bütün dövlət büdcəsi gəlirlərinin 40%-i təşkil etdiyi halda, sonradan tətbiq edilən torpaq vergisinin cəmi 15% təşkil etdiyi səbəbindən qanundan sonra "kəndlinin xeyli sərbəstləşdiyini" göstərirdi.

Ölkə iqtisadiyyatının dirçəldilməsi yollarının müəyyən olunması cəmiyyətdə və TBMM-də fikir ayrılıqlarına səbəb oldu. İqtisadçıların bir qrupu ölkənin xarici investisiyalardan asılılığını göstərərək iqtisadiyyatın dirçəldilməsinə xarici kapitalın geniş cəlb olunması vasitəsi ilə nail olunmasını yeganə mümkün yol hesab edirdilər. Lakin kapitulyasiya rejiminin ləğvindən sonra onun verdiyi imtiyazlardan məhrum olmuş xarici kapital əsas sənaye sahələrinə sərmayə qoymaqdan çəkinirdi. Belə şəraitdə kamalçılar himayəçi siyasət yeritmək yolunu tutdular. Türkiyə iqtisadçısı O.Okyar "M.Kamalın iqtisadi inkişafı tam müəyyən etmək üçün diskussiyalara şərait yaratdığını və hətta TCF-ni də bu diskussiyalara cəlb etdiyini" göstərir. TCF "inhisarların ləğvi, rəqabətin azad inkişafı" yolunu təklif edirdi. Kamalçılar isə belə "liberalizmin Türkiyəyə uyğun gəlmədiyini", dövlətin iqtisadiyyata müdaxiləsi siyasətini dəstəkləyirdilər.

Gələcəkdə XCP-nın 6 "oxu"ndan birinə çevrilən etatizm (fransızca eta-dövlət) siyasətinin əsasları da məhz keçən əsrin 20-ci illərinin ortalarında qoyulmuşdu. Dövlət kapitalizminin bir forması olan etatizm müəssisələrin dövlət tərəfindən yaradılması və istismarını nəzərdə tuturdu. Bu yolda ilk addım hələ 1924-cü ildə atılmışdı. Milli maliyyə vəsaitlərinin təmərküzləşdirilməsi üçün M.Kamal nominal kapitalı 1 milyon lirə olan "İş bankası"nı (iş bankı) təsis etmişdi. Mövcud sənaye sahələrini qorumaq və yenilərini yaratmaq üçün TBMM 1927-ci ilin mayında 1055 saylı "Sənaye qanunu" qəbul etdi. Qanun kapitallarını ticarət, bank işinə deyil, sənaye və dəmir yol sahəsinə qoyan iş adamlarına böyük güzəştlər vəd edirdi. Bütün bunlara baxmayaraq, 1929-cu ilin dünya iqtisadi böhranına qədərki dövrdə etatizm Türkiyə iqtisadiyyatında hələ tam hakim mövqe tuta bilməmişdi.

M.Kamal və onun silahdaşlarının ictimai-siyasi, iqtisadi və mədəni-məişət sahəsində həyata keçirdikləri islahatlar "Kamalçılıq" adlanan ideologiyanın təşəkkül tapmasına səbəb oldu. "Kamalçılıq" keçmiş sovet tarixşünaslığında burjua ideologiyası kimi qiymətləndirilirdi. Buna baxmayaraq, M.Kamalın irəli sürdüyü prinsiplər keçən əsrin 20-ci illərində ictimai-iqtisadi və siyasi həyatın bütün sahələrində Türkiyənin irəliləyişini təmin etdi. Təsadüfi deyildir ki, kamalçılığın mahiyyətini təşkil edən 6 prinsipdən 4-ü – cümhuriyyətçilik, xalqçılıq, millətçilik və laiklik XCP-nın 2-ci qurultayı tərəfindən də ideya-siyasi prinsiplər kimi qəbul olunmuşdu.

Lozannada əldə olunmuş diplomatik qələbə sonrakı dövrdə gənc Türkiyə Cümhuriyyətinin xarici siyasət sahəsində ilk uğurlu addımlarını şərtləndirən amil oldu. Bu dövr ümumdünya tarixində kapitalizmin nisbi sabitləşməsi dövrü kimi qiymətləndirilir. Demək olar ki, bütün kapitalist ölkələrində iqtisadiyyatın canlanması və bununla əlaqədar olaraq ictimai ziddiyyətlərin zəifləməsi müşahidə olunurdu. Bu isə həmin ölkələrin xarici siyasət xəttində müsbət meyllərin yaranmasına gətirib çıxarırdı. Belə şəraitdə Türkiyə Cümhuriyyətinin xarici siyasət xətti M.Kamalın elan etdiyi "Yurdda sülh, cahanda sülh" şüarı əsasında formalaşdırılırdı. Məhz bu səbədən Türkiyənin cümhuriyyət elan olumasından bir gün sonra, İsmət paşanın 1923-cü il oktyabrın 30-da təşkil edilmiş hökumət proqramı bütün ölkələrlə dostluq münasibətləri qurmaq yolu ilə ölkənin bütövlüyünü qorumaq uğrunda mübarizəni başlıca vəzifə elan edirdi. Ona görə də Türkiyə Cümhuriyyəti xarici siyasətdə ilk tədbirlərinə yaxın ölkələrlə diplomatik münasibətlər qurmaq və müxtəlif səviyyəli müqavilələr bağlamaqla başladı. Bəhs olunan dövrdə Türkiyə Avstriya, Polşa, Almaniya, İsveç, Yunanıstan, İspaniya, Çexoslovakiya, İran, Əfqanıstan və hətta Latın Amerikası ölkələri olan Çili, Meksika, Braziliya, Argentina və başqa ölkələrlə müxtəlif səviyyələrdə müqavilələr imzalamışdı.

Türkiyənin xarici siyasət problemlərini tədqiq edən Türkiyə tarixçilərinin əsərlərinin təhlilindən belə nəticə çıxır ki, keçən əsrin 20-ci illərində Türkiyə SSRİ ilə münasibətlərə daha çox üstünlük verir və hətta A.Akşinin fikrincə, beynəlxalq toplantılarda iki dövlət bir mövqedən çıxış edirdilər. Görünür, Türkiyə diplomatiyasının Lozannadan etibarən qəbul etdiyi xarici siyasət xəttini keçən əsrin bütün 20-ci illərinə şamil etmək mümkündür. Bütövlükdə, Türkiyə bu illərdə Sovet Rusiyası ilə eyni mövqedən çıxış edərək Qərb ölkələrindən daha böyük güzəştlər qoparmaq siyasətinə üstünlük verirdi. Məhz buna görədir ki, Türkiyə SSRİ ilə münasibətləri 1921-ci il müqaviləsi ilə məhdudlaşdırmayaraq siyasi əməkdaşlığı genişləndirmək məqsədilə 1925-ci il dekabrın 17-də Parisdə "Bitərəflik və hücum etməmək" haqqında müqavilə imzaladı. Müqavilə razılığa gələn tərəflərin onlardan birinə qarşı çevrilə biləcək hər hansı bir ittifaqda, siyasi səciyyəli sazişdə və ya düşmən hərəkətlərdə iştirakını qadağan edirdi. Müqavilə həmçinin iki ölkə arasında iqtisadi, mədəni əlaqələrin genişlənməsinə böyük imkanlar açırdı.

Müqavilə Türkiyənin beynəlxalq aləmdə siyasi mövqelərinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Belə ki, Mosulla bağlı olan danışıqların aparıldığı bir zamanda Türkiyənin İngiltərəyə və həmçinin Fransa və İtaliyanın da ona qarşı güclü təzyiqinə davam gətirməsində bu müqavilənin rolu oldu.

Bəhs olunan dövrdə Qərb dövlətləri ilə münasibətləri normallaşdırmaq Türkiyə xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Çünki bu münasibətlərin müsbət məcraya düşməsi bu və ya digər mənada qonşu ərəb ölkələri ilə ərazi mübahisələrinin tənzimlənməsi demək idi. Lozannada tam həllini tapmamış Mosul poblemi Türkiyə diplomatiyasından böyük səy və məharət tələb edirdi. Hələ 1924-cü ilin ortalarında İstanbulda ingilis diplomatları ilə Mosul problemi ətrafında müzakirələr başlansa da, danışıqlar heç bir nəticə verməmiş, problem Millətlər Cəmiyyətinin (MC) müzakirəsinə verilmişdi. 1925-ci ilin əvvəllərində Türkiyənin şərq vilayətlərində İngiltərənin təhriki ilə başlanmış kürd üsyanları dolayı yolla Türkiyəyə göstərilən bir təzyiq vasitəsi idi.

Təsadüfi deyildir ki, üsyan problemin həllində katalizator (sürətləndirici) rolunu oynamış və üsyanların yatırılmasından sonra başlanmış danışıqlar 1926-cı il iyunun 5-də Ankarada Böyük Britaniya, İraq və Türkiyənin iştirakı ilə Mosul problemi ilə bağlı müqavilənin imzalanması ilə başa çatmışdı. Sərhəd iki ölə arasında MC tərəfindən 1925-ci ildə qəbul olunmuş "Brüssel xətti" ilə müəyyən edilirdi. Yəni, Mosul İngiltərənin mandatlığı altında olan İraqa verilir, əvəzində isə bu ərazidən hasil olunan neftin İraqa çatan hissəsinin 10 %-i 25 il müddətinə Türkiyəyə verilirdi. Türkiyə bunun əvəzində 500 min funt sterlinq məbləğində birdəfəlik təzminat almağa üstünlük verdi. Bu, Türkiyə diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilsə də, Türkiyə bu diplomatik əməllə İtalyan təcavüzünün qarşısını almaq üçün bu güzəşt vasitəsilə Aralıq dənizinin şərqində ingilis-italyan ziddiyyətlərini daha da qızışdıra bildi.

Suriya ilə sərhədyanı zonada ərazi mübahisələri onun mandatlığında olduğu Fransa ilə münasibətlərin tənzimlənməsini tələb edirdi. Çünki Lozannada qüvvədə saxlanılan Ankara barışığının şərtlərinə əsasən Türkiyənin cənubunda olan Hatay sancağı Fransanın mandatlığında olan Suriyanın tərkibində qalmışdı. Əhalisinin əksəriyyətinin türk olduğu Hatay sancağını özünün mandatında olan Suriyanın tərkibində saxlamaq üçün Fransa sərhəddə yaşayan kürd tayfalarının üsyanlarından bir təzyiq vasitəsi kimi istifadə edirdi. Lakin 20-ci illərdə Türkiyənin xarici siyasət sahəsində inamlı tədbirləri Fransanı onunla münasibətləri yaxşılaşdırmağa sövq edirdi. Mosul məsələsinin həlli və italyan təhlükəsi də sürətləndirici amil rolunu oynayırdı. Məhz bunun nəticəsi idi ki, 1926-cı il mayın 30-da iki ölkə arasında Suriya və Livan bölgələrində "Dostluq və xeyrxah qonşuluq münasibətləri haqqında" konvensiya bağlandı. Burada deyilirdi: "Suriyada tətbiq olunan hər hansı inzibati tədbirin xarakterindən asılı olmayaraq İsgəndərunda (Hatayda-İ.A.) mövcud olan xüsusi rejim saxlanılacaqdır". Bu maddə Hatayın gələcəkdə Türkiyəyə birləşdirilməsi yolunda ilk addım idi. Konvensiyaya görə tərəflərdən biri üçüncü dövlət tərəfindən hücuma məruz qalarsa, digər tərəf bitərəf qalmalı idi.

Türkiyənin xarici siyasət uğurları Aralıq dənizi zonasına, habelə İzmir, Antalya ərazilərinə iddiaları olan faşist İtaliyasını da onunla hesablaşmağa vadar etdi. 1928-ci il mayın 30-da İtaliya ilə bitərəflik və münsiflik haqqında müqavilə bağlandı. 1929-cu ilin noyabrında Türkiyənin xarici işlər naziri Tovfiq Rüştü Aras TBMM-də çıxış edərkən "müqavilənin böyük əhəmiyyətini" vurğulamış və "Türkiyə prezidentinin müqaviləni Aralıq dənizi zonasında sülh və təhlükəsizlik rejiminin saxlanması sahəsindəki əhəmiyyətinin yüksək qiymətləndirdiyini" bildirmişdi. Müqavilə Türkiyə-Fransa müqaviləsindən iki il sonra imzalanmışdı və İtaliyanın Türkiyəni öz tərəfinə çəkmək uğrunda mübarizəsinin nəticəsi idi. Lakin Fransa bu meyli mənfi qarşıladı, Türkiyə və Suriya sərhədləri haqqında açıq qalmış problemin həllində kəskin mövqe tutdu. 1929-cu il iyunun 22-də imzalanmmış sazişlə sərhədlər dəqiq müəyyənləşdirildi və Türkiyə rəhbərlityi güzəştə gedərək 101 kəndin Suriya hakimiyyəti altına keçməsinə razılıq verdi.

Fransa ilə münasibətlərin nizama salınması ingilis dilomatiyasını da hərəkətə gətirdi. 1929-cu il oktyabrın 13-də admiral F.Fildin rəhbərliyi altında kiçik ingilis hərbi dəniz dəstəsi İstanbula yan aldı. M.K.Atatürklə görüşdə hər iki ölkənin qarşılıqlı münasibətləri yaxşılaşdırmaq əzmində olduğu vurğulandı.

Türkiyə Cümhuriyyəti Birinci dünya müharibəsindən sonra möhkəmlənmiş ABŞ ilə də münasibətləri tənzimləmək üçün səylərini əsirgəmirdi. Lozanna sülh müqaviləsinin yekun aktını imzalamaqdan boyun qaçırmış ABŞ 1927-ci ilin fevralında notalar mübadiləsi vasitəsi ilə Türkiyə ilə diplomatik münasibətlərini bərpa etdi.

Türkiyə rəhbərliyi yaxın qonşular ilə də münasibətlərin yaxşılaşdırılmasına xüsusi diqqət yetirirdi. Lakin Avropa qonşuları ilə münasibətlərin müsbət axarına böyük qaçqın kütləsi mane olurdu. Lozannada qaçqın düşmüş əhalinin məcburi surətdə dəyişdirilməsini nəzərdə tutan 30 yanvar 1923-cü il tarixli konvensiyasından sonra yalnız 1925-ci ildə Yunanıstanla sərhədlər haqqında müqavilə imzalandı. 1926-cı il noyabrın 6-da isə iki ölkə arasında eyni məzmunlu protokol, dekabrın 1-də köçmüş əhalinin əmlakı haqqında saziş bağlandı. İki ölkə arasında münasibətlərin tam yaxşılaşması isə Yunanıstanda Venizelos hökumətinin hakimiyyətə gəlməsindən sonra baş verdi.

1925-ci il oktyabrın 18-də dostluq haqqında Türkiyə-Bolqarıstan müqaviləsi imzalandı. Müqaviləyə görə, iki ölkə arasında diplomatik münasibətlər bərpa edilir, qaçqınlar və milli azlıqlar məsələsi nizama salınırdı.

1925-ci il otyabrın 28-də Yuqoslaviya ilə sülh və dostluq haqqında müqavilə imzalandı. Müqavilə müharibə vəziyyətini aradan qaldırır, diplomatik münasibətləri bərpa edirdi.

Türkiyə Cümhuriyyəti Orta Şərq ölkələri ilə də münasibətləri daim diqqət mərkəzində saxlayırdı. Belə ki, İraqla münasibətlər 1926-cı ilin Ankara müqaviləsi ilə normallaşmışdı. İran və Əfqanıstanla ilk münasibətlər hələ 1921-ci ildə yaradılmışdı. İran nümayəndələri ilə Ankarada görüşlər keçirilmiş, 1921-ci il martın 1-də isə Moskvada Əfqanıstanla münasibətləri tənzim edən bir müqavilə imzalanmışdı.

1926-cı il aprelin 22-də İranla Sovet diplomatiyasının fəal iştirakı ilə "Dostluq və təhlükəsizlik" haqqında müqavilə imzalandı. 5 il müddətinə bağlanmış müqavilə tərəflərdən birinin üçüncü ölkə tərəfindən hücuma məruz qalacağı təqdirdə digərinin bitərəf qalacağını nəzərdə tuturdu.

1928-ci il mayın 25-də Əfqanıstanla "Dostluq və əməkdaşlıq" haqqında müqavilə imzalandı. Burada 1921-ci il müqaviləsinin bütün şərtləri öz əksini tapmışdı.

Türkiyə Sovet İttifaqı ilə münasibətləri Paris müqaviləsi ilə məhdudlaşdırmayaraq sonrakı illərdə müxtəlif səviyyələrdə əməli görüşlər keçirmişdi. Məsələn, 1926-cı ildə Türkiyə xarici işlər naziri T.Rüştü SSRİ xalq xarici işlər komissarı Çiçerinlə əməli görüş keçirmək üçün Odessaya getmiş, 1929-cu ildə isə Çiçerinin müavini L.Qaraxanyan cavab görüşü keçirmək məqsədilə Ankaraya gəlmişdi. Danışıqlar nəticəsində dekabrın 17-də "Bitərəflik və hücum etməmək haqqında" Paris müqaviləsinin müddətinin başa çatdığı gündən daha iki il uzadılması haqqında Protokol imzalanmışdı.

Bağlanmış siyasi müqavilələrə 1927-ci il martın 11-də imzalanmış "Sovet Sosialist Respublikaları İttifaqı ilə Türkiyə Respublikası arasında ticarət və gəmiçilik haqqında" müqaviləni də əlavə etsək, iki ölkə arasında münasibətlərin keçən əsrin 20-ci illərində artıq yalnız siyasi deyil, iqtisadi səciyyə daşıdığını göstərə bilərik. SSRİ-nin Şərq ölkələrindən birincisi ilə imzaladığı bu müqavilə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və genişlənməsində böyük rol oynamışdı. Çünki müqavilə hər iki tərəfə gömrük güzəştləri verir, Türkiyə isə SSRİ-yə müəyyən kontinqentdə lisensiyasız əmtəə ixrac edə bilmək hüququ alır, tranzit məsələlərində müəyyən güzəştlər əldə edirdi. Təsadüfi deyildi ki, 1928-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1923-cü ildəki 20,5 milyon rubldan 101,9 milyon rubla çatmışdı.

Türkiyənin SSRİ ilə beynəlxalq aləmdə birgə hərəkət etməsinin bariz nümunəsi onun 1929-cu il aprelin 1-də Moskva sazişinə qoşulması idi. Qərb dövlətləri ilə normal münasibətlərə baxmayaraq Brian-Kelloq paktına dərhal dəvət almaması, Türkiyəni yaranmış şəraitə uyğun şəkildə hərəkət edərək Moskva sazişinə qoşulmasına təkan verdi. Sovet diplomatiyası təcridolunmadan yaxa qurtarmaq üçün sərhədboyu dövlətlərlə münasibətlərdə bu paktın dərhal tətbiq edilməsi təklifini irəli sürmüş və 1929-cu il fevralın 9-da Moskvada Estoniya, Latviya, Polşa və Rumıniya ilə bu barədə protokol imzalanmışdı. Türkiyənin bu pakta qoşulması onun SSRİ ilə münasibətlərini dərinləşdirməkdə maraqlı olduğunu sübut etdi.

Beləliklə, Türkiyə Cümhuriyyəti göstərilən dövrdə bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmaq xəttinə sadiq qalaraq dünya dövlətlərinin əksəriyyəti ilə diplomatik münasibətlər yaratmış və müxtəlif səviyyəli müqavilələr imzalamağa nail olmuşdu.

Aytac Süleymanova