Son dəqiqə

Xüsusi günlər

Kiprdə türk qətliamının qarşısının alınmasından 49 il ötür

Bakı. TurkicWorld:

Kipr sülh əməliyyatı kimi tarixə keçən hadisəyə zəmin 1959-cu ildə yaranıb. Həmin il Türkiyə, İngiltərə və Yunanıstan Surix və Londonda razılaşma əldə edib, bu ölkələrin zəmanəti, türk və yunan xalqlarının müştərək iştirakı ilə Kipr Respublikası qurulub.

Amma 1963-cü ildən yunan silahlı qruplarının başlatdığı silahlı hücumlarla Kipr türklərinin ağır günləri başlayıb. Adanı Yunanıstana birləşdirmək istəyən yunan qruplarının hücumları, 1963-1974-cü illəri əhatə edib.

1974-cü ilin 15 iyununda Yunanıstanda iqtidardakı komitənin dəstəyi ilə Nikos Sampson Kiprdə prezident Makariosu devirib. Adadakı çevriliş xəbəri Ankaraya çatdıqda dərhal Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasdan sonra baş nazir Bülənt Ecevit, Türkiyə Silahlı Qüvvələrinə Kiprə müdaxilə ehtimalına qarşı hazırlıq görülməsi təlimatını verib. Ecevit, Kipr adasına birgə müdaxilə etmək üçün Londona gedib, qarant ölkə kimi İngiltərəyə təklifini verib, amma rəsmi London bu təklifi rədd edib.

İyunun 18-də baş nazir Ecevit, Londonda ABŞ dövlət katibinin köməkçisi Cosef Sisko ilə müzakirələr aparıb. İyulun 19-da Sisko Ankaraya gəlib və bu zaman bəlli olub ki, onun Afinada apardığı müzakirələrin nəticəsi olmayıb. Bu arada isə Kipr adasında türklərə qarşı yunan vəhşiliyi davam edirdi...

Elə həmin gün TSK-nın Dəniz Qüvvələri Komandanlığına aid bir gəmi Aralıq dənizinə açılıb. TSK isə Lefkoşa-Həmidköy-Gönyeli və Pinarbaşı bölgələrinə havadan əsgər endirib. Bununla paralel olaraq Yavuz çimərliyinə əsgər çıxarmaqla 20 iyulda Kipr Sülh Hərəkatına start verilib. Əməliyyat “Aişə tətilə çıxsın” adlanıb. Aişə dövrün Türkiyənin xarici işlər naziri Turan Günəşin qızının adı idi. Bu parolla Cenevrədə danışıqlar aparan baş türk diplomatı hərəkatın başlandığını bilmiş olmalı idi.

Türk ordusunun Kipr adasına doğru hərəkata başladığını dünya, baş nazir Bülənt Ecevitin: “Bu hərəkatın insanlığa və sülhə böyük xidmətlər göstərəcəyinə inanırıq. Ümid edirəm ki, əsgərlərimizə atəş açılmaz və qanlı bir qarşıdurmaya yol verilməz. Biz əslində müharibə üçün deyil, sülh üçün, təkcə türklərə deyil, yunanlara da barış gətirmək üçün adaya gedirik” - deyib.

Türk qırıcıları iyulun 21-də yunan mövqelərinə qarşı hərəkata keçib, ordu Lefkoşa hava limanı ilə Qaymaqlı bölgəsinə hücuma başlayıb, digər türk briqadası Zeytunlu istiqamətində irəliləyib. Hərəkatın üçüncü günü ordu hücum nəticəsində Dəliktəpəni ələ keçirib. Girnəyə gedən türk ordusu Lefkoşaya istiqamət alıb. Bunun sayəsində Lefkoşa-Girnə xətti birləşdirilib.

Bu zaman BMT-nin Təhlükəsizlik Şurası isə təcili toplanıb və onun çağırışı əsasında Türkiyə iyulun 22-də, saat 17:00-da əməliyyatı dayandırıb.

Bundan sonra ABŞ və İngiltərə diplomatlarının vasitəsilə Türkiyə ilə Yunanıstan arasında danışıqlar başlayıb, atəşkəs sazişi imzalanıb. İyulun 22-də prezident Nikos Sampson istefa verib.

Türkiyə Silahlı Qüvvələri üç günlük Kipr Sülh Əməliyyatı zamanı 57 şəhid verib, 184 əsgər isə yaralanıb. 1974-cü ilin 25 iyulunda Cenevrədə Ankara-Afina arasında danışıqlar başlayıb, amma iyulun 30-da danışıqlar dayanıb. Avqustun 6-da yunan qüvvələri yenidən Girnənin qərbinə hücuma başlayıb. Hücumun qarşısını alan türk ordusu, əks həmlə ilə Laptanı ələ keçirib. Bundan sonra Cenevrədə təkrar sülh danışıqları başlayıb. Bu danışıqlarda Kipr türklərini Rauf Denktaş təmsil edib. Amma danışıqlar yenə də yarımçıq dayandırılıb. Avqustun 14-də TSK-nın Kiprdə hərəkətlənməsi baş verib. Məqsəd isə şərqdə Maqosa, qərbdə isə Levkiyəyə qədər olan ərazilərin yunan işğalından təmizlənməsi idi. Ordu avqustun 15-də Maqosaya daxil olub. Qərbdə isə Mitrini ələ keçiriblər. Avqustun 16-da Lefkiyə və Omorfa alınıb, Levkoşa bombalanıb. Daha sonra isə tərəflər əsirlərin dəyişdirilməsinə razılıq veriblər.

Kipr Sülh Hərəkatının nəticəsi olaraq,1975-ci ilin fevralında Kipr Türk Federal dövləti qurulub, dövlət başçısı vəzifəsinə Rauf Denktaş gətirilib. 1983-cü ildə isə Şimali Kipr Türk Cümhuriyyəti elan olunub. Hazırda bu dövləti yalnız Türkiyə tanıyır.

Mövzuya görə xəbərlər