Son dəqiqə

İstanbul Universiteti

Türkiyənin ən qədim universiteti bu gün yaradılıb

Bakı. TurkicWorld:

İstanbul şəhərində yerləşən, Türkiyənin ən qədim və köklü dövlət tədqiqat universiteti İstanbul Universitetinin əsası 30 may 1453-cü ildə Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmed tərəfindən qoyulub. 1846-cı ildə isə Osmanlı imperiyasında Avropa təcrübəsinə əsaslanan ilk ali təhsil qurumu olaraq yenidən formalaşdırılıb. 1933-cü ildən bu günə qədər eyni adla fəaliyyət göstərən qurum, müasir Türkiyənin ilk ali təhsil müəssisəsidir. Hazırda, fakültə, institut, kollec və peşə məktəbləri olmaqla, ümumən 33 akademik vahiddə və irili-xırdalı 10 kampusda bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 68.300 tələbəsi vardır.

İstanbul Universiteti Koimbra qrupunun üzvüdür. Eyni zamanda, universitetin Biznes və idarəetmə fakültəsi Eduniversal nəşrinin 2020-ci il üçün olan ali idarəetmə məktəbləri hesabatına görə Yaxın Şərq üzrə üçüncü, Türkiyə üzrə isə ikinci ən nüfuzlu fakültə olub. Sözügedən elmi vahid "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Türkiyədən üzv olan yeganə dövlət universiteti fakültəsidir. Nəqliyyat və logistika fakültəsi isə, BMT nəzdnində fəaliyyət göstərən Beynəlxalq Yol və Nəqliyyat İttifaqı (IRU) tərəfindən akkreditasiya olunub. Bundan əlavə, Təbiət elmləri fakültəsi dünyanın ən iri yüksək enerji fizikası laboratoriyasına malik olan Avropa Nüvə Araşdırmaları Təşkilatında aparılan dörd əsas tədqiqat üzrə Türkiyəni təmsil edir.

2003-cü ildən etibarən ardıcıl olaraq dünyanın ən nüfuzlu 500 universiteti siyahısına daxil olmuş Türkiyənin ilk dövlət universiteti olmaqla yanaşı, 2020-ci ilin sıralamasına görə qlobal miqyasda 335-ci yerdə qərarlaşmışdır. Dünya universitetlərinin akademik reytinqi tərəfindən 2019-cu ildə təqdim olunan sıralamada isə Türkiyə üzrə birinci yerə çıxıb. Həmçinin 2013-cü ildən etibarən, Asiyanın ən mütərəqqi 100 universiteti sırasındadır. Əlavə olaraq, 2020-ci ildə Türkiyədə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında patent müraciəti sayına görə İstanbul Universiteti birinci sırada yerləşir.

Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən İstanbul Universitetinin məzunları arasında iki Nobel mükafatı laureatı (Əziz Sancar və Orxan Pamuk), İsrailin ən uzun müddət hakimiyyətdə olmuş prezidenti Yitzhak Ben-Zvi, İsrailin iki baş naziri (David Ben-Qurion və Moşe Şaret), Türkiyə prezidenti Abdullah Gül, Türkiyənin altı baş naziri (Suat Xeyri Ürgüplü, Sədi İrmaq, Nihat Ərim, Refik Saydam, Naim Talu, İldırım Ağbulud) və İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu vardır.

Mövzuya görə xəbərlər