BAKI,TurkicWorld
44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzur üçün yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoyub.
Bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Garabagh" sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
"Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılıb.
Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib, 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıdıb. İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir", - deyə müraciətdə qeyd edilib.
Qeyd edək ki, Azərbaycanda tikinti, Qarabağın bərpası, mühəndis-kommunikasiya sistemləri, plastik və polimer sənayesi, eləcə də yol infrastrukturu və ictimai nəqliyyat sahələrini əhatə edən Xəzər İnşaat Həftəsi işə başlayıb.
Oktyabrın 14-dən 16-dək Bakı Ekspo Mərkəzində keçirilən tədbir çərçivəsində dörd beynəlxalq sərgi və paralel olaraq yol infrastrukturu və ictimai nəqliyyat üzrə daha bir beynəlxalq sərgi təşkil olunur.
Xəzər İnşaat Həftəsi müxtəlif sənaye sahələrini təmsil edən şirkətlərin məhsul və həllərini nümayiş etdirməsi, sektor iştirakçılarının bir araya gəlməsi və peşəkar əlaqələrin qurulması üçün platforma rolunu oynayır. Tədbir tikinti materiallarından istilik və havalandırma avadanlıqlarına, Qarabağın bərpası üçün nəzərdə tutulan həllərdən plastik və polimer sənayesinə, yol infrastrukturundan ictimai nəqliyyata qədər bir neçə istiqaməti əhatə edir.
Həftə çərçivəsində keçirilən sərgilər həm yerli, həm də xarici şirkətlərə öz məhsul və texnologiyalarını təqdim etmək, bazardakı yenilikləri izləmək və potensial tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə etmək üçün şərait yaradır.
Xəzər İnşaat Həftəsi çərçivəsində sərgi nümayişləri ilə yanaşı, müxtəlif mövzularda panel müzakirələri, innovasiya sessiyaları və biznes təqdimatları da təşkil olunur.
Tədbirin proqramında sərgi iştirakçıları və dəvət olunmuş şirkətlər üçün ikitərəfli B2B və B2G işgüzar görüşləri də nəzərdə tutulub. Bu görüşlər şirkətlərin bir-biri, eləcə də müvafiq qurumlarla əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün təşkil olunur.
Beləliklə, üç gün davam edəcək Xəzər İnşaat Həftəsi tikinti, mühəndislik, sənaye, Qarabağın bərpası, memarlıq və nəqliyyat sahələrini bir araya gətirir. Sərgilər və işgüzar tədbirlər şirkətlərə məhsul və texnologiyalarını təqdim etmək, sahələr üzrə yenilikləri izləmək və yeni əməkdaşlıq əlaqələri qurmaq imkanı verir.






