BAKI,TurkicWorld
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Yevlax rayonunda uğurla yekunlaşıb.
TurkicWorld xəbər verir ki, layihə çərçivəsində Yevlax rayonundan müraciət edən 20 gənc ailə seçilərək cari il ərzində xüsusi təlim proqramına cəlb olunub. Təlimlər zamanı iştirakçılara təcrübəli arıçılar tərəfindən həm nəzəri biliklər, həm də praktik bacarıqlar aşılanıb. Proqramı başa vuran iştirakçılara arıçılıq təsərrüfatı qurmaq üçün arı ailələri, pətəklər, arıçı geyimləri, balsüzən aparat və digər zəruri avadanlıqlar təqdim edilib. Bununla da gənc ailələrin müstəqil təsərrüfat fəaliyyətinə başlaması üçün lazımi şərait yaradılıb.
Növbəti dövrdə isə layihə iştirakçılarına təsərrüfatlarının inkişafı, məhsuldarlığın artırılması, istehsal etdikləri təbii bal məhsullarının təqdimatı və satışı istiqamətində dəstək göstərilməsi davam etdiriləcək.
Xatırladaq ki, “Gənc arıçı” layihəsi IDEA İctimai Birliyi, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə 2021-ci ildən həyata keçirilir. Bu günədək layihə çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 80-dən çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib. Layihə iştirakçılarının istehsal etdikləri təbii bal məhsulları müxtəlif bal festivalları və yarmarkalarında təqdim olunub.
Layihənin xüsusi məqamlarından biri də Leyla Əliyevanın ötən dövr ərzində regionlara səfərləri zamanı "Gənc arıçı" layihəsinin iştirakçılarını evlərində ziyarət etməsi, onların təsərrüfatları ilə tanış olması, fəaliyyətləri ilə maraqlanması və dəstək göstərməsidir.
Qeyd edək ki, “Gənc arıçı” layihəsinin əsas məqsədi biomüxtəlifliyin qorunmasında mühüm rol oynayan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır.
Layihə, eyni zamanda, gənc ailələrin sosial rifahının yaxşılaşdırılmasına, regionlarda dayanıqlı məşğulluğun təmin olunmasına və ailə təsərrüfatlarının inkişafına töhfə verir.







