Bakı. TurkicWorld:
Qırğızıstanın paytaxtı Bişkekdə 30 avqust Türkiyənin Zəfər gününün 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
TurkicWorld-un məlumatına görə, Türkiyənin Bişkekdəki səfirliyi tərəfindən Bişkekdəki Mustafa Kamal Atatürk abidəsi önündə təşkil edilən mərasim, abidəyə əklil qoyulması, daha sonra bir dəqiqəlik sükutla və İstiqlal Marşı ilə başlayıb.
Səfirliyin missiya rəhbərinin müavini Şifa Gökberk Kutlu, Prezident Rəcəb Tayyib Ərdoğanın 30 Avqust Zəfər Bayramı ilə bağlı mesajını oxuyub.
Hərbi attaşe polkovnik Ertan Önal buradakı çıxışında bildirib ki, bu gün keçmişi şöhrət və zəfərlərlə dolu olan qəhrəman Türk Silahlı Qüvvələrimizin müqəddəs vətənimizi işğal etməyə cəhd edənlərə qarşı qazandığı böyük zəfərin 101-ci ildönümüdür.
"Bu gün böyük bir qəhrəmanlıq dastanı yazmaqla 26 avqustda İstiqlal Mübarizəsi uğrunda başlayan və 30 Avqust 1922-ci ildə bənzərsiz bir zəfərlə sona çatan böyük hücumun ildönümüdür",- deyə Önal qeyd edib.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə bu gün paytaxt Ankarada TEKNOFEST keçiriləcək.
Xatırladaq ki, avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.
Aytac Süleymanova
Twitter: a_alieva_







