Jeenbek Kulubayev Kristian Roleder ilə görüşüb

Jeenbek Kulubayev Kristian Roleder ilə görüşüb

Bakı. TurkicWorld:

Qırğız Respublikasının Xarici İşlər Naziri Jeenbek Kulubayev Berlində Almaniya Federativ Respublikasının Ətraf Mühit, Təbiəti Mühafizə, Nüvə Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Nazirliyinin Dövlət Katibi Kristian Roleder ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi bildirib.

Danışıqların gündəliyinə iki ölkə arasında ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq məsələləri daxil edilib.

Görüşdə Jeenbek Kulubayev buzlaqların, təbii ehtiyatların və biomüxtəlifliyin qorunması üzrə Qırğızıstanın BMT çərçivəsində təşəbbüsləri, eləcə də qlobal ekoloji problemlərin qarşısının alınması istiqamətində ölkədə həyata keçirilən əsas tədbirlər barədə məlumat verib.

Tərəflər Almaniyanın “Yaşıl Mərkəzi Asiya” təşəbbüsü və hazırlanmaqda olan Mərkəzi Asiyada İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə Regional Strategiya çərçivəsində gələcək əməkdaşlığın vacibliyini qeyd ediblər.

Görüşün yekunları üzrə tərəflər ətraf mühitin mühafizəsi sahəsində qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən həm regional, həm də milli formatda “yaşıl” layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Hafiz Rufizoğlu