BAKI,TurkicWorld, Fərid Mikayılov
Qazaxıstanda seçilmiş Prezidentin vəzifəyə başlaması zamanı andiçmə prosedurunun dəyişdirilməsi nəzərdə tutulur.
TurkicWorld xəbər verir ki, Qazaxıstanın ədliyyə naziri Erlan Sərsəmbayev Prezidentin səlahiyyətlərinin icrasına başlama qaydası ilə bağlı Konstitusiyaya mümkün dəyişikliklər barədə açıqlama verib.
Nazirin sözlərinə görə, seçkilərin keçirilmə müddətləri və qaydasında edilən dəyişikliklər Prezidentin and içməsi ilə bağlı müddəalara da uyğun düzəlişlərin edilməsini zəruri edir. Bu çərçivədə Konstitusiyanın müvafiq maddəsində Prezidentin andiçmə mərasiminin seçkilərin yekun nəticələrinin rəsmi dərc olunduğu gündən etibarən bir ay müddətində keçirilməsi təklif olunur. Beləliklə, konkret təqvim tarixindən imtina edilərək andiçmə günü birbaşa seçki nəticələrinin elan edildiyi tarixlə əlaqələndirilir.
Erlan Sərsəmbayev bildirib ki, eyni mexanizmin Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitam verilməsi, vəzifədən kənarlaşdırılması və ya vəfatı hallarında da tətbiqi nəzərdə tutulur. Bu hallarda Prezident səlahiyyətlərini qəbul edən şəxs də bir ay müddətində and içməlidir.
Nazir vurğulayıb ki, bu yanaşma operativliklə legitimlik arasında tarazlığı təmin edir. Bir tərəfdən dövlət idarəçiliyində hakimiyyət boşluğu yaranmır, digər tərəfdən ali dövlət səlahiyyətlərini üzərinə götürən hər bir şəxs Konstitusiyaya uyğun olaraq xalq qarşısında məsuliyyətini açıq şəkildə təsdiqləmiş olur.
Qeyd edək ki, bundan əvvəl də Erlan Sərsəmbayev Qazaxıstanda Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl başa çatması halında seçkilərin keçirilməsi qaydasının Konstitusiyada təsbit edilməsinin planlaşdırıldığını açıqlamışdı.







