Bakı, TurkicWorld
Aydındır ki, növbəti onillik bizim region (Mərkəzi Asiya – red.) üçün həlledici olacaq və bu tarixi şansdan nə dərəcədə səmərəli istifadə edəcəyimiz yalnız özümüzdən asılıdır.
TurkicWorld xəbər verir ki, bu fikirlər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin "Kazakhstanskaya pravda" qəzetində dərc olunmuş "Mərkəzi Asiyanın intibahı: davamlı inkişaf və tərəqqi yolunda" sərlövhəli məqaləsində yer alıb.
Məqalədə vurğulanır: "Biz qlobal geosiyasi turbulentlik kontekstində regionda etimad və ümumi bölünməz təhlükəsizlik məkanı yaratdıq, regional əməkdaşlığa maneələri aradan qaldırdıq və çoxşaxəli əməkdaşlığımızı keyfiyyətcə daha yüksək səviyyəyə çatdırmaq üçün zəmin yaratdıq".
Prezident qeyd edir ki, Mərkəzi Asiyanın perimetri boyu çətin hərbi-siyasi vəziyyətin davam etməsi fonunda müdafiə siyasəti və təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac var.
"Regional təhlükəsizlik arxitekturasının yaradılması, o cümlədən Mərkəzi Asiya üçün təhlükəsizlik riskləri kataloqunun hazırlanması və onların qarşısının alınması tədbirləri xüsusi aktuallıq kəsb edir", - deyə dövlət başçısı qeyd edib.
Məqalədə qeyd edilir ki, region dövlətlərinin əsas prioritetləri Mərkəzi Asiyada bölünməz təhlükəsizlik məkanının formalaşdırılması, ənənəvi və yeni təhdidlərə qarşı mübarizədə əsas məsələlərin həllinə kompleks yanaşmaların axtarışı, cavab tədbirləri və təhlükələrin qarşısının alınması tədbirlərinin hazırlanması, habelə bu sahədə BMT və digər beynəlxalq, regional təşkilatlarla fəal qarşılıqlı fəaliyyətdir.