İranlı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub

İranlı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub

Bakı. Trend:

Ötən gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda yaralanan şəxslərin vəziyyəti yaxşıdır.

Trend-in məlumatına görə, bunu İranın “Şohada-e Tajriş” xəstəxanasının rəhbəri Şəhram Ələmdari deyib.

Ş.Ələmdarinin sözlərinə görə, 1-ci əməliyyatda səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyevin çiynindən, 2-ci əməliyyatda isə çənəsindən güllə çıxarılıb. "Hazırda onun vəziyyəti yaxşıdır", - həkim bildirib.

Ş.Ələmdari əlavə edib ki, 2-ci şəxsin də ortopedik əməliyyatla güllə bədənindən çıxarılıb və hazırda vəziyyəti yaxşıdır:

"Hər iki xəstənin vəziyyəti yaxşıdır və tezliklə sağalacaqlarına ümid edirik".

XXX

12:00

Ötən gün diplomatik nümayəndəliyə hücum zamanı terrorçunu zərərsizləşdirən Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əməliyyat olunub.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə şənbə günü Trend-ə bildirib.

"Vasif Tağıyev əməliyyat olunub, vəziyyəti qənaətbəxşdir".

Qeyd edək ki, səfirlikdə törədilən terror aktı zamanı Vasif silahlı terrorçunun üstünə gələrək onu zərərsizləşdirib.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.