Azərbaycan Türkiyəyə qaz ixracını 10 faizə yaxın artırıb

Azərbaycan Türkiyəyə qaz ixracını 10 faizə yaxın artırıb

Bakı. TurkicWorld:

Azərbaycan Türkiyəyə təbii qaz ixracını 2023-cü ilin fevralında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 9,12 faiz artıraraq 747,52 milyon kubmetrdən 815,73 milyon kubmetrə çatdırıb.

TurkicWorld bu barədə cümə axşamı Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyəyə təbii qaz ixracının həcminə görə üçüncü yer tutub.

Bu ilin fevral ayında Türkiyəyə ən böyük təbii maye qaz ixracçısı 2,066 milyard kubmetr göstərici ilə Rusiya olub. Göstərici 2022-ci ilin analoji dövründəki tədarüklə müqayisədə 12,20 faiz azdır.

İkinci yerdə 1,021 milyon kubmetr göstərici ilə ABŞ dayanıb ki, bu göstərici də 2022-ci ilin fevralı ilə müqayisədə 31,07 faiz azdır.

Qeyd olunan dövrdə Türkiyə bütünlükdə qaz idxalını 2022-ci ilin fevral ayı ilə müqayisədə 4,16 faiz azaldaraq 6,273 milyard kubmetrdən 6,012 milyard kubmetrə salıb ki, bunun da təqribən 3,147 milyard kubmetri boru kəmərləri ilə tədarüklərin, 2,864 milyard kubmetri isə maye təbii qazın (MTQ) payına düşüb.

2022-ci ilin fevralı ilə müqayisədə Türkiyənin boru kəmərləri ilə qaz idxalı 12,92 faiz, maye təbii qaz idxalı isə 7,75 faiz azalıb.