BAKI, TurkicWorld, Orxan Qədirzadə
Böyük Britaniyanın The Guardian qəzetinin apardığı araşdırmaya görə, Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər Sudanın Çevik Dəstək Qüvvələrinə (RSF) döyüşmək üçün yüzlərlə kolumbiyalı muzdlunun cəlb edilməsində iştirak edib.
Araşdırmada bildirilir ki, Londonun şimalında, Tottenham bölgəsində Creighton Road yaxınlığında yerləşən birotaqlı mənzil Böyük Britaniya hökumətinin rəsmi reyestr sənədlərinə əsasən, Sudanda RSF sıralarında döyüşən muzdluların kütləvi şəkildə cəlb olunması ilə məşğul olan transmilli şirkətlər şəbəkəsi ilə əlaqələndirilir.
Məlumata görə, kolumbiyalı muzdlular 2025-ci ilin oktyabr ayının sonlarında Sudanın cənub-qərbində yerləşən Əl-Faşir şəhərinin RSF tərəfindən ələ keçirilməsində birbaşa iştirak edib. Analitiklərin qiymətləndirməsinə görə, bu hadisədən sonra baş verən zorakılıq dalğası ən azı 60 min insanın həyatına son qoyub.
“The Guardian” yazır ki, sözügedən mənzil “Zeuz Global” adlı şirkətin ünvanı kimi qeydiyyata alınıb. ABŞ Maliyyə Nazirliyi tərəfindən ötən həftə sanksiyaya məruz qalan, RSF üçün kolumbiyalı muzdluların cəlb edilməsində əsas rol oynadığı iddia edilən iki şəxs bu şirkəti yaradıb.
Qəzetin məlumatına görə, həmin şəxslər 50 yaşlarında olan Kolumbiya vətəndaşlarıdır və Böyük Britaniyanın rəsmi Companies House reyestr sənədlərində Böyük Britaniyada yaşayan şəxslər kimi göstəriliblər.
Araşdırmada qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyinin 9 dekabr tarixində sanksiyaları elan etməsindən cəmi bir gün sonra – 10 dekabrda – “Zeuz Global” fəaliyyət ünvanını Londonun mərkəzinə dəyişib. Şirkətin təqdim etdiyi yeni poçt indeksi Covent Garden bölgəsində yerləşən “One Aldwych” beşulduzlu otelinə uyğun gəlir.
Lakin sənədlərdə ünvanın ilk sətrinin “4dd Aldwych” kimi göstərilməsi 100 metr aralıda yerləşən “Waldorf Hilton” oteli ilə uyğunluq təşkil edir. Hər iki otel “The Guardian”a açıqlamasında “Zeuz Global” ilə heç bir əlaqələrinin olmadığını və ünvanlarının niyə istifadə edildiyini bilmədiklərini bildirib.
BMT-nin Sudan üzrə Ekspert Qrupunun sabiq üzvü, tədqiqatçı Mike Lewis məsələni dəyərləndirib.
“ABŞ hökumətinin muzdluların cəlbini idarə etdiyini iddia etdiyi əsas fiqurların Londonun şimalında bir mənzildən fəaliyyət göstərən şirkət qurması və hətta Böyük Britaniyada yaşadıqlarını bəyan etməsi ciddi narahatlıq doğurur.”-o, deyib.
“The Guardian”ın sorğusuna baxmayaraq, Companies House “Zeuz Global”ın faktiki fəaliyyəti barədə hər hansı məlumat verib-vermədiyini açıqlamayıb, həmçinin sanksiyaya məruz qalan şəxslərin həqiqətən Böyük Britaniyada yaşayıb-yaşamadığını təsdiqləməyib.
Şirkətlə əlaqə saxlamaq da mümkün olmayıb: may ayında yaradılan “Zeuz Global”ın internet saytı hazırda “yenilənmə mərhələsində” kimi göstərilir və heç bir əlaqə məlumatı yer almır.