Azərbaycan Bolqarıstan qaz tədarükü

Bolqarıstanda qazın qiymətləri Azərbaycandan qaz tədarükü sayəsində 21% ucuzlaşıb

Bakı. TurkicWorld:

Bolqarıstanda qazın qiymətləri Azərbaycandan qaz tədarükü sayəsində may ayında aprel ilə müqayisədə 21 faiz ucuzlaşıb.

TurkicWorld xəbər verir ki, bu barədə Bolqarıstanın Enerji və Su Tənzimləyici Komissiyasının (EWRC) məlumatında deyilir.

Belə ki, may ayında bir meqavatın qiyməti aprel ayındakı 98,16 levlə müqayisədə 77,55 lev (43,60 ABŞ dolları) səviyyəsində müəyyən edilib.

"EWRC"-dan bildiriblər ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə qaz tədarükləri rəqabətqabiliyyətli qiymətlər əldə etməyin həllidir.

Qaz qiymətlərinin ucuzlaşmasına səbəb olan əsas faktorlar Avropanın spot bazarlarında qiymətlərin ucuzlaşması və qaz istehlakı həcminin azalması yönündə tendensiyalardır.

May ayı üzrə qiymətlər toplusuna IGB ilə nəql olunan Azərbaycan qazının bütün həcmi daxildir ki, bu da Bolqarıstanın bu aykı istehlakının 62,65 faizini əhatə edəcək. Bolqarıstanın dövlət qaz tədarükçüsü "Bulgargaz" da maye təbii qazı topluya əlavə edib.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.

Mövzuya görə xəbərlər