BAKI, TurkicWorld
2026-cı ilin oktyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkiyə ərazisindən 17,172 milyon barel neft nəql edilib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin oktyabr ayında bu göstərici 16,601 milyon barel təşkil edib.
TurkicWorld-un Türkiyənin BOTAŞ şirkətinin məlumatları əsasında apardığı hesablamalara görə, illik müqayisədə nəqlin həcmi 3,4 faiz artıb.
2026-cı ilin sentyabr ayı ilə müqayisədə də artım qeydə alınıb. Belə ki, həmin ay BTC kəməri ilə Türkiyə ərazisindən 16,078 milyon barel neft nəql edilib. Beləliklə, oktyabrda nəqlin həcmi aylıq müqayisədə 6,8 faiz artıb.
İlin əvvəlindən bəri ən aşağı nəql həcmi fevral ayında qeydə alınıb - 14,817 milyon barel. Oktyabr ayında isə ilin əvvəlindən bəri ən yüksək göstərici qeydə alınıb.
2026-cı ilin yanvar-oktyabr aylarında BTC kəməri ilə Türkiyə ərazisindən 161,143 milyon barel neft nəql edilib.
2025-ci ildə BTC kəməri ilə Türkiyə ərazisindən 206,434 milyon barel neft nəql olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 224,142 milyon barel təşkil edib. Beləliklə, illik müqayisədə nəqlin həcmi 7,9 faiz azalıb.
BTC Co. şirkətinin səhmdarları bp (30,10 faiz), SOCAR (32,97 faiz), MOL (8,90 faiz), TPAO (6,53 faiz), Eni (5,00 faiz), TotalEnergies (5,00 faiz), ITOCHU (3,40 faiz), ONGC Videsh (3,10 faiz), ExxonMobil (2,50 faiz) və INPEX-dən (2,50 faiz) ibarətdir.
İyulun 1-də Bakı-Tbilisi-Ceyhan (BTC Co.) şirkəti BTC ixrac neft kəmərinin operatorluq funksiyalarının BP Exploration (Caspian Sea) Limited şirkətindən (bp) SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Midstream Operations MMC"yə (SMO) verildiyini elan edib.
Operatorluq funksiyalarının ötürülməsi BTC neft kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən hər üç hissəsini əhatə edir. Bununla yanaşı, BTC kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə olunması, eləcə də bp-nin əvvəllər BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri çərçivəsində həyata keçirdiyi ümumi əməliyyatlar üzrə operatorluq vəzifələri də SMO-ya həvalə olunub.
Operatorluq funksiyalarının ötürülməsi BTC layihəsi üzrə əsas sazişlər paketinə daxil olan və yekun investisiya qərarı çərçivəsində qəbul edilmiş müvafiq razılaşmalar əsasında həyata keçirilib. Proses üç ölkədə BTC ilə əlaqəli bütün ayrıca obyektləri və fəaliyyət növlərini əhatə edir. Bununla belə, Səngəçal terminalının ərazisində yerləşən obyektlər, eləcə də BTC və CQBK sistemləri çərçivəsində həyata keçirilən ümumi əməliyyatlar bu prosesə daxil deyil.
Bununla yanaşı, Səngəçal terminalının operatoru dəyişməyib: bp bu funksiyaları yerinə yetirməyə davam edir. BTC Co. şirkətinin səhmdarlarının tərkibi də dəyişməz olaraq qalır.







