Azərbaycandan tədarük sayəsində Bolqarıstanda qaz ucuzlaşır

Azərbaycandan tədarük sayəsində Bolqarıstanda qaz ucuzlaşır

Bakı. Trend:

Bolqarıstan Yunanıstandan interkonnektor (IGB) vasitəsilə Azərbaycan qazının nəqlinə başladığı üçün ölkədə noyabr ayında da qaz qiymətləri azalacaq.

Trend-in məlumatına görə, bu barədə Bolqarıstan KİV-ləri yazır.

Qeyd olunur ki, "Bulgargaz" şirkəti noyabr ayı üçün təbii qazın topdansatış qiymətinin 166,14 lev/MVt-saat (116,93 dollar, 119,31 avro) məbləğində təsdiq olunması üçün tənzimləyici quruma müraciət edib. Bu, Avropa qaz hablarının noyabr qiymətləri ilə müqayisədə iki dəfə azdır.

"Bu kəskin fərq tender prosedurları nəticəsində formalaşmış rəqabətqabiliyyətli qiymətlərlə, eləcə də IGB vasitəsilə Azərbaycan qazının tədarükü sayəsində yaranır", - "Bulgargaz" şirkətindən bildiriblər.

Qiymətlərlə bağlı yekun qərar noyabrın 1-də qəbul olunacaq.

Xatırladaq ki, oktyabr ayı üçün təbii qazın topdansatış qiyməti 233,36 lev/MVt-saat (116,93 dollar, 119,31 avro) məbləğində müəyyən edilmişdi.