IGB qaz kəmərinin texniki imkanlarının artırılması üzrə bazar sınağı başladılır

IGB qaz kəmərinin texniki imkanlarının artırılması üzrə bazar sınağı başladılır

Bakı. TurkicWorld:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) qaz kəmərinin texniki imkanlarının artırılması üzrə bazar sınağı başladılır.

TurkicWorld-ə bu barədə çərşənbə axşamı ICGB şirkətindən məlumat veriblər.

Qeyd olunur ki, IGB qaz kəmərinin idarə olunmasına və kommersiya istismarına görə cavabdeh olan ötürmə sisteminin müstəqil operatoru ICGB əlavə imkanlar üzrə bazar tələbatının qiymətləndirilməsi prosesinə başlayıb.

Proses qeyri-məcburi və məcburi mərhələlər olmaqla iki əsas mərhələyə bölünüb və bütünlükdə iki il davam edəcək. Ötürmə sisteminin qonşu operatorları Bulgartransgaz (Bolqarıstan), DESFA (Yunanıstan) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Bazar sınağının yekunlarına görə Yunanıstan-Bolqarıstan interkonnektorunun mövcud texniki imkanlarının artırılması üçün əsasın olub-olmadığı məlum olacaq.

Hazırda interkonnektorun ötürücülük qabiliyyəti ildə təqribən 3 milyard kubmetrdir, əlavə investisiyalar olarsa bazarın marağından asılı olaraq ildə 5 milyard kubmetrədək artırıla bilər.

Maraqlı bütün tərəflərə 28 avqusta qədər müraciət etmələri təklif olunur.

ICGB 2 illik müddət bitdikdən sonra prosesin optimallaşdırılması və əlavə imkanların təklif olunması imkanını öyrənir.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.