Bakı. TurkicWorld:
Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın 2022-ci ildə qaz satışından əldə etdiyi gəlir 17,762 milyard manat (10,4 milyard ABŞ dolları) olub, 2021-ci ildə isə bu göstərici 7,074 milyard manat (4,2 milyard ABŞ dolları) təşkil edib.
TurkicWorld çərşənbə axşamı xəbər verir ki, şirkətin qaz satışından əldə etdiyi gəlir 2021-ci illə müqayisədə 2,5 dəfə artıb.
2022-ci ildə SOCAR-ın ümumi gəlirləri isə 2021-ci ildəki 77,531 milyard manatla (45,6 milyard dollar) müqayisədə 119,228 milyard manat (70,134 milyard dollar) olub.
Qeyd edək ki, ötən il SOCAR sərbəst istismar olunan yataqlarda və ya əsas səhmdar olaraq 8,1 milyard kubmetr qaz hasil edib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə təbii qaz hasilatı 2,7 faiz artıb. Ölkədə qaz hasilatı 2021-ci illə müqayisədə 6,6 faiz artaraq 46,7 milyard kubmetrə çatıb. Ölkə üzrə təbii qaz ixracı 19,3 faiz artaraq 22,4 milyard kubmetrə çatıb.
Azərbaycan Avropaya təbii qazı Cənub Qaz Dəhlizi ilə ixrac edir. Dəhlizin son seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) ildə 10 milyard kubmetr qaz nəql etmək gücündədir və ötürücülük qabiliyyətinin 20 milyard kubmetrədək genişləndirilməsi mümkündür.