İnfrastrukturumuzu Azərbaycandan qaz idxalına adaptasiya etməyə hazırıq - Slovakiya İqtisadiyyat Nazirliyi

İnfrastrukturumuzu Azərbaycandan qaz idxalına adaptasiya etməyə hazırıq - Slovakiya İqtisadiyyat Nazirliyi

Bakı.TurkicWorld:

Slovakiya mövcud infrastrukturunu Azərbaycandan qaz idxalına uyğunlaşdırmağa hazırdır.

TurkicWorld-ə bu barədə Slovakiyanın İqtisadiyyat Nazirliyindən bildiriblər.

"Slovakiya operatoru Cənub-Şərqi Avropada tədarükün etibarlılığını artırmaq məqsədilə hökumətin dəstəyi ilə Azərbaycan qazının idxalı üçün dəhliz layihəsi hazırlamaqdadır. İlkin ideya keçmiş Eastring layihəsi ilə Avropaya 20 milyard kubmetr həcmində qeyri-rus qazının nəqlinə imkan verən marşrutun hazırlanmasından ibarət idi. Bu ideya daha da genişləndi və Macarıstan, Rumıniya, Bolqarıstanın operatorları ilə birgə hazırda istifadə olunan infrastruktura yalnız cüzi dəyişiklik etməklə dərhal ildə 5 milyard kubmetr qaz idxal etmək qərara alındı", - nazirlikdən bildirilib.

Slovakiyanın İqtisadiyyat Nazirliyində hazırkı geosiyası vəziyyətin fonunda bu ideyanın daha böyük əhəmiyyət kəsb etdiyi deyilib.

"Bu, [Azərbaycan qazının nəqlini artırmaq niyyəti] 2022-ci ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə təsdiqlənib. Memorandum 2027-ci ilədək Avropa İttifaqına (Aİ) ildə ən azı 20 milyard kubmetr qaz nəqlini təmin etmək məqsədilə Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin ikiqat artırılmasını nəzərdə tutur. Bu, REPowerEU çərçivəsində diversifikasiya məqsədlərinə nail olmağa imkan yaradacaq və Avropanın rus qazından asılılığından xilas olmasına kömək edəcək. Aİ ilə Azərbaycan arasındakı Memoranduma əsasən, Avropaya əlavə Azərbaycan qazının nəqlini təmin etmək üçün Slovakiya və digər ölkələr mövcud infrastrukturu iqtisadi cəhətdən effektiv üsulla tənzimləməyə hazırdır", - nazirlikdən deyiblər.

Qeyd edək ki, bundan əvvəl Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Avropa Komissiyasına müraciət edərək Avropaya Azərbaycan qazının nəqli üçün infrastrukturun inkişafına vəsait ayrılmasını istəmişdilər. Söhbət infrastrukturun, yeni interkonnektorların inşasından və mövcud olanların ötürücülük qabiliyyətinin artırılmasından gedir. Rumıniya və Bolqarıstan artıq Azərbaycandan təbii qaz alırlar.

Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli 31 dekabr 2020-ci ildə başlanıb. Dəhliz vasitəsilə qaz Xəzər dənizi regionundan Gürcüstan və Türkiyə üzərindən Avropa ölkələrinə nəql olunur.