BAKI, TurkicWorld, Nailə Babazadə
Qarabağ Zəfərindən sonra yaranan yeni geosiyasi reallıq Orta Dəhlizi dünyanın ən strateji logistika xəttinə çevirib. Onun sözlərinə görə, bu proses ən çox Azərbaycan və Türkiyənin iqtisadi gücünə təsir göstərir.
Bu sözləri Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat TurkicWorld-a eksklüziv açıqlamasında bildirib.
Böyükfırat vurğulayıb ki, qlobal tədarük zəncirindəki çətinliklər, Asiya–Avropa marşrutlarında yaşanan gecikmələr və logistikanın daralması Orta Dəhlizi daha da ön plana çıxarıb:
“Azərbaycan və Türkiyə bu dəhlizin iki əsas kilid ölkəsidir. Bu mövqe həm investorlara güvən verir, həm də bölgəni yeni iqtisadi mərkəzə çevirir.”
TÜİB sədrinin sözlərinə görə, tarixi qardaşlıq münasibətləri biznes əməkdaşlığını da gücləndirir:
“Bir millət, iki dövlət” prinsipimiz bizə hər sahədə üstünlük yaradır. Eyni dili danışmaq, eyni kökdən gəlmək və eyni regionda olmaq biznesin inkişafını sürətləndirir.”
Böyükfırat əlavə edib ki, hazırda Azərbaycanda təxminən 400 Türkiyə şirkəti fəaliyyət göstərir və bu rəqəmin yaxın illərdə daha da artacağı gözlənilir.






