AYİB

AYİB Azərbaycanda tullantıların idarə edilməsi, su infrastrukturu və enerji səmərəliliyi sahələrində yeni investisiya imkanları görür

Bakı,TurkicWorld

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda infrastrukturun inkişafı, su təsərrüfatı, tullantıların idarə edilməsi və enerji səmərəliliyi sahələrində investisiya layihələrinin həyata keçirilməsini dəstəkləyir.

TurkicWorld-un tədbirdəki müxbiri xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) direktor müavini və baş bankiri Real Hacıyev bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

O bildirib ki, AYİB Azərbaycanda maliyyə, texniki və mühəndislik həllərinin hazırlanmasından tutmuş investisiya layihələrinin həyata keçirilməsinədək müxtəlif mərhələlərdə iştirak edir.

Real Hacıyevin sözlərinə görə, bank dövlət-özəl tərəfdaşlığı (DÖT) sahəsində qanunvericiliyin hazırlanmasına, eləcə də enerji sektorunun hüquqi və normativ bazasının təkmilləşdirilməsinə töhfə verib.

O qeyd edib ki, AYİB-in dəstəyi ilə Gəncə şəhərinin uzunmüddətli və dayanıqlı inkişafına yönəlmiş "Yaşıl Şəhər Fəaliyyət Planı" da hazırlanıb. Bu plan Gəncənin daha sağlam, ekoloji cəhətdən əlverişli və yaşayış üçün cəlbedici şəhərə çevrilməsini nəzərdə tutur.

"Bu fəaliyyət planı çərçivəsində hazırda bərk məişət tullantılarının toplanması infrastrukturu, küçə işıqlandırması və su infrastrukturu ilə bağlı üç investisiya layihəsini həyata keçiririk", - deyə o bildirib.

AYİB rəsmisi vurğulayıb ki, bank yalnız investisiya ehtiyaclarının müəyyənləşdirilməsi ilə kifayətlənmir, həm də həmin ehtiyacların konkret investisiya layihələrinə çevrilməsinə dəstək göstərir.

Onun sözlərinə görə, bu proses çərçivəsində müvafiq araşdırmalar aparılır, layihələrdə çatışmayan elementlər müəyyənləşdirilir, onların beynəlxalq standartlara və yerli maraqlı tərəflərin tələblərinə uyğunlaşdırılması təmin edilir. Eyni zamanda, layihələrin idarəetmə mexanizmlərinin və iqlim dayanıqlılığı göstəricilərinin yaxşılaşdırılmasına da diqqət yetirilir.

Real Hacıyev əlavə edib ki, AYİB hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq edərək qurumun idarəetmə sisteminin, maliyyə və əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində çalışır.
Gələcək investisiya imkanlarına toxunan bankir bildirib ki, ənənəvi infrastruktur sahələri ilə yanaşı, indiyədək nisbətən az investisiya cəlb etmiş istiqamətlər də diqqət mərkəzində olmalıdır.

O, bu sahələr sırasında poliqonların, o cümlədən sanitar poliqonların tikintisini, yağış sularının idarə edilməsi infrastrukturunun yaradılmasını, dövlət binalarında enerji səmərəliliyinin artırılmasını və çirklənmiş ərazilərin bərpasını qeyd edib.

"Əsas məsələ özəl sektorun yaradıcılıq və innovasiya potensialından istifadə etmək, investisiyaların həyata keçirilməsində onun aparıcı rolunu təmin etməkdir. Dövlət qurumları isə özəl sektorun fəaliyyət göstərməsi və bu investisiyaları reallaşdırması üçün hərtərəfli və əlverişli şərait yaratmalıdır", - deyə Real Hacıyev vurğulayıb.

Mövzuya görə xəbərlər