Bakı. TurkicWorld:
OPEC+ ölkələrinin neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə gündəlik 41,73 milyon barel, 2027-ci ildə isə orta hesabla gündəlik 45,00 milyon barel təşkil edəcəyi gözlənilir.
TurkicWorld xəbər verir ki, bu barədə EIA-nın "Qısamüddətli enerji perspektivi" adlı hesabatda qeyd edilib.
EIA-nın qiymətləndirməsinə görə, 2026-cı ildə OPEC+ ölkələrinin sözügedən məhsul hasilatı birinci rübdə orta hesabla günə 41,86 milyon barel təşkil edəcək, ikinci rübdə günə 37,65 milyon barel, üçüncü rübdə gündəlik 42,66 milyon barel, dördüncü rübdə isə günə 44,71 milyon barel təşkil edəcək.
Qurumun 2027-ci il üçün isə OPEC+ ölkələri üzrə neft və digər maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozları belədir: birinci rübdə hasilatın günə 44,99 milyon barel, ikinci rübdə günə 45,01 milyon barelə, üçüncü rübdə günə 44,97 milyon barel, dördüncü rübdə isə gündəlik 45,05 milyon barel səviyyəsində olacağı gözlənilir.
"Münaqişədən əvvəl bizim qiymətləndirməmizə görə, qlobal neft bazarında artıq təklif mövcud idi və qlobal neft ehtiyatları sürətlə artırdı ki, bu da əvvəlki il ərzində neft qiymətlərinin davamlı azalmasında öz əksini tapırdı.
Biz gözləyirdik ki, bu tendensiya növbəti iki il ərzində də davam edəcək, çünki həm OPEC+ üzvü olmayan istehsalçıların güclü hasilat artımı, həm də OPEC+ ölkələrinin hasilat hədəflərini artırması qlobal neft tələbatının artımını üstələyəcəkdi.
Lakin İranda baş verən münaqişə bazar dinamikasını sürətlə dəyişdirdi, belə ki, regiondakı istehsalçılar neft hasilatının əhəmiyyətli hissəsini dayandırmağa məcbur oldular və bu da qısa müddətdə bazarda sıxlıq yaradıb" - EİA-nın hesabatında qeyd edilib.
Qurum vurğulayıb ki, onlar əvvəllər neft axınlarında bir aylıq fasilə olacağını və bunun nəticəsində gündə təxminən 5,5 milyon barel həcmində hasilatın dayandırılacağını, bunun da mart ayında pik həddə çatacağını güman edirmiş: "Münaqişənin başlanğıcında bazarın yaxşı təmin olunduğunu nəzərə alaraq, əgər münaqişə tezliklə həll olunsaydı, neft qiymətlərinin aylıq orta hesabla 100 dollar/barel səviyyəsini keçməyəcəyini gözləyirdik.
Lakin münaqişə və Hörmüz boğazının bağlanması ilkin gözləntilərimizdən daha uzun sürdüyü üçün qeyd edirik ki, qlobal neft ehtiyatları kəskin azalıb və dayandırılmış hasilat həcmləri artıb. Bu isə qarşıdakı aylar üçün neft qiyməti proqnozumuzu yüksəltməyə səbəb olub.
Bundan əlavə, biz pozuntuların 2026-cı ilin sonlarınadək davam edəcəyini gözləyirik ki, bu da həmin dövrdə qiymətlərə yuxarı təzyiq göstərəcək. Eyni zamanda, regionda enerji infrastrukturuna hücumların artması, münaqişənin nə qədər davam edəcəyi və Hörmüz boğazının faktiki bağlanmasının müddəti ilə bağlı qeyri-müəyyənliklər neft qiymətlərində daha yüksək risk mükafatının formalaşacağını göstərir.
Hörmüz boğazı vasitəsilə axınlar bərpa olunduqdan sonra belə, biz hesab edirik ki, neft tankerlərinin marşrutları və ticarət axınlarında yaranmış gecikmələrin aradan qaldırılması vaxt aparacaq. Həmçinin gələcəkdə yenidən pozuntuların baş vermə riski qalacaq və bu da neft qiymətlərində əlavə mükafatın saxlanmasına səbəb olacaq".






