Son dəqiqə

Xəzər dənizi

Bu ilin sentyabrın 1-də "Abşeron" yatağında təbii qazın hasilatına başlanılacaq – “Total Energies”

Bakı. TurkicWorld:

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağı üzrə tam işlənmə layihəsi çərçivəsində ilk təbii qazın hasilatına 2029-cu il sentyabrın 1-də başlanılması planlaşdırılır. Layihənin istismar müddətinin təxminən 30 il olacağı nəzərdə tutulur.

TurkicWorld bu barədə "Total Energies" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, "TotalEnergies Absheron B.V." tərəfindən həyata keçiriləcək "Abşeron" Yatağının Tam İşlənməsi (YTİ) Layihəsi üçün Ətraf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi (ƏMSTQ) hazırlanıb. Qiymətləndirmə Azərbaycan qanunvericiliyi, beynəlxalq konvensiyalar, Abşeron üzrə Hasilatın Pay Bölgüsü Sazişi və beynəlxalq neft sənayesi standartlarına uyğun aparılıb.

Layihə Abşeron dəniz qaz-kondensat yatağında daha əvvəl uğurla həyata keçirilmiş Erkən Hasilat Sxemi mərhələsindən sonra növbəti inkişaf mərhələsini təşkil edir. Planlara əsasən, layihə çərçivəsində üç (gələcəkdə əlavə bir) sualtı quyunun qazılması, sualtı infrastrukturun qurulması, dəniz və quru boru kəmərlərinin çəkilməsi nəzərdə tutulur. Həmçinin Səngəçal Terminalından təxminən 4 km cənub-qərbdə quruda Mərkəzi Emal Obyekti (MEO) tikiləcək.

Bu obyekt çıxarılan xam qaz və mayeləri emal edəcək. Emal olunmuş qazın Cənubi Qafqaz Boru Kəməri və Azərbaycanın daxili qaz şəbəkəsinə ötürülməsi planlaşdırılır. Stabilizasiyadan keçməmiş kondensat isə Səngəçal Terminalına nəql ediləcək.

ƏMSTQ sənədində layihənin qazma, tikinti, sualtı quraşdırma, işəsalma və istismar mərhələləri üzrə ətraf mühitə, sosial sahəyə və mədəni irsə mümkün təsirləri qiymətləndirilib. Araşdırma 2024–2025-ci illərdə quruda və dənizdə aparılan ilkin ekoloji və sosial tədqiqatlara əsaslanıb.

Qiymətləndirmənin nəticələrinə görə, layihənin həyata keçirilməsinə mane ola biləcək böyük mənfi ekoloji və sosial təsirlər müəyyən edilməyib. Orta səviyyəli risklər əsasən fövqəladə və az ehtimallı hallarla — məsələn, qazın qeyri-müntəzəm məşəldə yandırılması və ya təsadüfi karbohidrogen sızmaları ilə bağlı ola bilər. Bu risklərin texniki layihələndirmə, operativ nəzarət və fövqəladə hallara hazırlıq tədbirləri ilə idarə olunacağı bildirilib.

Hesabatda göstərilir ki, layihə çərçivəsində tətbiq olunacaq idarəetmə və azaldıcı tədbirlər nəticəsində qalıq təsirlərin əksəriyyəti "cüzi" və ya "kiçik" səviyyədə olacaq. Bu təsirlərə dəniz və quru faunasının qısamüddətli narahatlığı, hava emissiyaları, səs-küy, tullantıların yaranması və resurslardan istifadə kimi amillər daxildir və onların əsasən lokal və müvəqqəti olacağı qeyd olunur.

Bununla yanaşı, layihənin müsbət sosial-iqtisadi təsirləri də gözlənilir. Buraya yerli məşğulluğun artması, yerli şirkətlər üçün satınalma imkanları, kadr potensialının inkişafı və ölkənin enerji təhlükəsizliyinə töhfə daxildir.

Layihə üzrə ictimaiyyət və maraqlı tərəflərlə müzakirələr də aparılıb. Bu prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə məsləhətləşmələr, ictimai rəyin toplanması və müvafiq sənədlərin hazırlanması daxil olub.

Ümumilikdə, aparılan qiymətləndirməyə əsasən, nəzərdə tutulan bütün idarəetmə və azaldıcı tədbirlər həyata keçirildiyi təqdirdə, "Abşeron" Yatağının Tam İşlənməsi Layihəsi ətraf mühit və sosial baxımdan məqbul hesab olunur.

Mövzuya görə xəbərlər